BMU-da AIRO 2026 ilə bağlı infosessiya təşkil olunub

27 fevral 2026
BMU-da AIRO 2026 ilə bağlı infosessiya təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Beynəlxalq Robot Olimpiadası 2026 (AIRO 2026) beynəlxalq robotika yarışmasına həsr olunmuş məlumatlandırıcı infosessiya keçirilib. 

 

Universitetin Texnoparkı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan infosessiyanın açılışında BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov çıxış edərək innovasiya ekosisteminin inkişaf etdirilməsi, tələbələrin elmi-texniki yaradıcılığa cəlb olunması və onların beynəlxalq yarışlarda iştirakının əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə və ölkəmizin beynəlxalq platformalarda layiqincə təmsil olunmasına mühüm töhfə verir.     

 

Sonra AIRO 2026-nın baş koordinatoru İmamir Mirzoyeva, koordinatorlar Leyla Mürsəlova və Muğan Güləli, eləcə də mentorlar Fərid Mürşüdlü, Hakim Musazadə yarışın məqsədi, formatı, iştirak imkanları barədə ətraflı məlumat veriblər. Təqdimat zamanı iştirakçılara yarışmanın əsas istiqamətləri və ümumilikdə 12 kateqoriyası barədə geniş informasiya təqdim olunub. Qeyd edilib ki, bu kateqoriyalar tələbələrin robototexnika, proqramlaşdırma, mühəndislik və innovativ düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. 

 

Çıxışlarda vurğulanıb ki, AIRO 2026-nın qalibləri beynəlxalq səviyyədə keçirilən nüfuzlu robotika turnirlərində, o cümlədən Yaponiyanın Tokio şəhərində təşkil olunan All Japan Robot Sumo Tournament yarışmasında Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

 

İnfosessiya çərçivəsində hakaton formatı, robotların hazırlanma prinsipləri, yarış qaydaları və qeydiyyat prosedurları barədə də danışılıb, tələbələrin sualları cavablandırılıb, robototexnika sahəsində gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb.

 

BMU-da AIRO 2026 ilə bağlı infosessiya təşkil olunub | BEU