BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

13 iyul 2026
BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının dosenti Rəşail İsmayılovun həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında indekslənən, Conservation kateqoriyası üzrə Q1 səviyyəli “GeoJournal of Tourism and Geosites” beynəlxalq jurnalında dərc olunub.

 

“İqlim Dəyişikliklərinə Dayanıqlılıq Kontekstində Azərbaycanda Su Təhlükəsizliyi və Dayanıqlılığın Gücləndirilməsi üçün Prioritetlərin Qiymətləndirilməsi” (Evaluating Priorities for Enhancing Water Security and Sustainability in Azerbaijan in the Context of Climate Change Resilience) adlı məqalə iqlim dəyişikliyi şəraitində Azərbaycanda su təhlükəsizliyi və su ehtiyatlarının davamlı idarə edilməsinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsinə həsr olunub. Tədqiqatda su, torpaq və digər əlaqəli təbii resursların ədalətli və balanslı idarə olunması prinsipi əsas götürülüb. Metodoloji çərçivə kimi Su Ehtiyatlarının İnteqrasiyalı İdarə edilməsi (IWRM) yanaşması tətbiq edilərək iqlim dəyişikliyinin ölkənin su ehtiyatlarına təsiri kompleks şəkildə təhlil olunub.

 

Məqalədə qeyd olunur ki, yağıntı rejiminin dəyişməsi, qar ehtiyatlarının azalması və uzunmüddətli quraqlıqlar nəticəsində səth su ehtiyatları getdikcə azalır. Bu isə yeraltı sulardan asılılığı artırmaqla həmin ehtiyatların tükənməsi və suyun keyfiyyətinin pisləşməsi kimi ciddi risklər yaradır. Mövcud çağırışların aradan qaldırılması məqsədilə tədqiqatda su təhlükəsizliyinin gücləndirilməsi üçün bir sıra prioritet istiqamətlər irəli sürülür. 

 

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

 

Scopus: https://www.scopus.com/pages/publications/105043175862?origin=resultslist

 

DOI: https://doi.org/10.30892/gtg.65235-1740

BMU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub | BEU