BMU “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir

18 iyun 2026
BMU “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir

Bakı Mühəndislik Universiteti (BMU) Bakı Ekspo Mərkəzində keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə öz stendi ilə təmsil olunur. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş etdirilir.

 

İyunun 20-dək davam edəcək sərginin açılışında BMU-nun rektoru Yaqub Piriyev, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. 

 

Açılışda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev çıxış ediblər. Natiqlər  ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və “Made in Azerbaijan” brendinin tanıdılmasında bu cür sərgilərin əhəmiyyətindən danışıblar.

 

Sərgi çərçivəsində BMU-nun stendinə baxış keçirilib. Stenddə BMU-nun təhsil imkanları, ikili diplom proqramları, elmi-tədqiqat fəaliyyəti, innovativ layihələri, karyera imkanları və sənaye əməkdaşlığı istiqamətində görülən işlər nümayiş etdirilir. Universitetin stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Eyni zamanda, universitet nümayəndələri abituriyentlər, tələbələr və şirkət təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edirlər. 

 

Qeyd edək ki, 7 ildir keçiriliən sərginin əsas məqsədi iştirakçıların fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir. 

 

BMU “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir | BEU