Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “KPMG Audit Günü” adlı tədbir keçirilib.
İqtisadiyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən mərkəzin rəhbəri Gülçöhrə İbrahimova görüşün iş karyerasına başlamaq istəyən gənclər üçün yaxşı fürsət yaradacağını bildirib.
Sonra “KPMG Azərbaycan” şirkətinin əməkdaşları Ramin Əmiraslanov və Çinarə Kərimova müəssisənin profili, şirkətdə iş imkanları haqqında təqdimat ediblər. Təqdimatlarda bildirilib ki, KPMG “Böyük Dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsidir. Şirkət bir çox bank və maliyyə qurumlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir.
Təqdimatlar zamanı, eləcə də müəssisədə işə qəbul prosesi və karyera yüksəlişi ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Sual-cavab sessiyası ilə davam edən tədbir çərçivəsində üçüncü və dördüncü kurs tələbələri, o cümlədən magistratura səviyyəsində təhsil alan tələbələr arasında imtahan təşkil edilib. İmtahan nəticələrinə əsasən, yüksək nailiyyət əldə edən tələbələrin gələcəkdə şirkətdə işlə təminatı planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi