BMU-İNHA İkili Diplom Proqramı

BMU-İNHA İkili Diplom Proqramı

2026/2027-ci tədris ilinin tələbə qəbuluna dair elantəqdimat 

 

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı 2020/2021-ci tədris ilindən həyata keçirilir. 

 

Əvvəlki qəbul illəri (2020–2023) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş 16 noyabr 2018-ci il tarixli, 711 nömrəli Sərəncama əsasən qəbul edilmiş “2019–2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir. 

 

BMU-İNHA İDP bu gün ölkədə mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq və yüksək səviyyəli kadr hazırlığının nümunəvi modeli kimi çıxış edir və 2030-cu ilə qədər davam etdiriləcək uzadılmış Dövlət Proqramı çərçivəsində öz uğurlu fəaliyyətini davam etdirir. 

 

Tədris Modeli (3+1) İkili diplom proqramı çərçivəsində tədris prosesi “3+1” modeli əsasında təşkil olunmuşdur. Bu modelə əsasən, tələbələr təhsillərinin üç ilini Bakı Mühəndislik Universitetində, bir ilini isə Koreya Respublikasının İNHA Universitetində davam etdirirlər. Təhsil müddətini uğurla başa vuran məzunlar hər iki ali təhsil müəssisəsinin – həm BMU-nun, həm də İNHA Universitetinin bakalavriat səviyyəsində diplomu ilə təltif olunurlar. 

 

Proqramın icrasına başlandığı 2020/2021-ci tədris ilindən etibarən artıq dörd qəbul həyata keçirilmişdir. Bu müddət ərzində 256 tələbə proqramı uğurla tamamlayaraq məzun olmuşdur. 2026/2027-ci tədris ili üzrə qəbul isə Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddətinin 2030-cu ilədək uzadılması əsasında davam etdirilir. 

  

  

İXTİSASLAR (2026/2027) 

  

Hər bir ixtisas üzrə 26 nəfər olmaqla, ümumilikdə 104 nəfərin qəbul edilməsi nəzərdə tutulur. 

  

- Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) - 26 nəfər (keçid balı 400/700) 

- Data analitikası / Data elmləri - 26 nəfər (keçid balı 400/700) 

- İnformasiya texnologiyaları - 26 nəfər (keçid balı 400/700) 

- Elektrik və elektronika mühəndisliyi - 26 nəfər (keçid balı 400/700) 

  

MÜRACİƏT PROSEDURU 

  

Onlayn qeydiyyat: 16 iyul – 1 avqust 2026-cı il tarixləri arası həyata keçiriləcəkdir. Qeydiyyat linki: https://inha.beu.edu.az/register

  

Qəbul prosesi aşağıdakı mərhələlər üzrə aparılacaq: 

1. DİM imtahanı: Namizədlər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etməli və proqram üzrə müəyyən edilmiş keçid balını (400+) toplamalıdırlar. 

2. Daxili imtahan: Uğurlu namizədlər BMU və İNHA Universiteti tərəfindən birgə təşkil olunan daxili imtahanda (Riyaziyyat, Fizika və İngilis dili) iştirak etməlidirlər. 

  

Vacib Tarixlər: 

- Onlayn sənəd qəbulu: 16 iyul – 1 avqust 2026-cı il (saat 23:55-dək) 

- Daxili imtahan: 4 avqust 2026-cı il 

- Nəticələrin elanı: 6 avqust 2026-cı il 

  

Qeyd: BMU-İNHA İDP-yə qəbul olunan namizədlər DİM-in ixtisas seçimi mərhələsində iştirakdan azad edilirlər. Qəbul olunmayan namizədlər isə DİM-in ixtisas kodlaşdırmasında iştirak etmək üçün yetərli vaxta sahib olacaqlar. 

  

TƏDRİSİN TƏŞKİLİ 

  

Dil: Tədris ingilis dilində aparılır. BMU-da təhsil müddətində ingilis dili dərsləri tədris olunur. 

Tələblər: Tələbələr Koreya Respublikasına getmədən öncə IELTS/TOEFL/Duolingo imtahanlarında iştirak edərək sertifikat əldə etməlidirlər. 

Magistratura: Bakalavriatı bitirən tələbələr magistratura və doktorantura təhsillərini Koreya Respublikasında təqaüdlə davam etdirmək imkanına malik olacaqlar. 

  

MALİYYƏ XƏRCLƏRİ (Tam Dövlət Hesabına) 

  

Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti (AR Dövlət Neft Fondu) hesabına təmin olunur. Qarşılanan xərclər: 

- 4 illik tam təhsil haqqı; 

- Koreya Respublikasında 1 illik tam təhsil xərcləri (4-cü kurs); 

- Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri; 

- Qeydiyyat xərci. 

  

PROQRAMIN HƏDƏFİ 

  

Proqramın əsas hədəfi - ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək və ali təhsil sisteminin məzmununu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. 

 

BMU-İNHA İkili Diplom Proqramı | BEU