BMU-PKTU İkili Diplom Proqramı

BMU-PKTU İkili Diplom Proqramı

2025-ci ildən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində icra edilən ilk ikili diplom proqramı kimi tarixə düşüb. Proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunur. İki ali təhsil müəssisəsi arasında imzalanan, 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirirlər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

 

Əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək olan ikili diplom proqramları, eyni zamanda tələbələrə beynəlxalq səviyyəli təhsilə çıxış, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və laboratoriyalarla tanış olmaq imkanları qazandırır. Məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edən proqramlar digər ölkələrlə təhsil sahəsindəki əlaqələrə də mühüm töhfə verir.

 

Təhsillərinin sonunda tələbələr iki bakalavr diplomu əldə edirlər. İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə belə proqramların icrası istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin inkişafına mühüm zəmin yaradır.