İctimai elmlər arasında əhatə dairəsinin genişliyi ilə diqqət mərkəzində olan Azərbaycan dili və ədəbiyyatı milli varlığımızı, həyat və düşüncə tərzimizi ən dolğun və qabarıq təcəssüm etdirməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qədimliyi və zənginliyi ilə Azərbaycan dili və ədəbiyyatı çox önəmli elm və sənət sahəsinə çevrilmişdir.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının qarşısına qoyduğu və həyata keçirməyə çalışdığı əsas məqsəd və vəzifələr bunlardan ibarətdir: tələbələrə geniş və əsaslı bilik vermək; dilimizi və ədəbiyyatımızı böyük milli sərvətimiz, xalqımızın varlığının təməl dəyərləri kimi təlim etmək; Azərbaycan dili və ədəbiyyatının təşəkkül yolu, inkişaf tarixi və bugünkü vəziyyəti, özəl keyfiyyətləri barədə tələbələrdə ətraflı və dərin elmi təsəvvür yaratmaq; onlarda yüksək bədii zövq və müstəqil düşüncə tərzi formalaşdırmaq; dili, ədəbiyyatı başlıca təfəkkür və mənəviyyat hadisəsi kimi şərh etmək; Türk dünyasını daha yaxından tanıtmaq üçün türkologiyanın əsaslarını, türk dilini və türk xalqlarının ədəbiyyatlarını tədris etmək. Bütün bu bilikləri mənimsəyən və yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən müəllimlər yetişdirməyi də qarşısına başlıca vəzifə kimi qoymuşdur. Kafedramızın başqa bir məqsədi tələbələrə səlis danışmaq və yazmaq qabiliyyətini və müəyyən tədqiqatçılıq vərdişlərini təlqin etməkdir.
Kafedra bakalavr səviyyəsində tələbələrin, əsasən, dil və ədəbiyyat təhsili alaraq öz ixtisaslarının mütəxəssisi olmaları ilə yanaşı, dil və ədəbiyyat sahələrində əməli vərdişlərə yiyələnmələrini, yazılı və şifahi nitqlərini, estetik zövqlərini inkişaf etdirmələrini də hədəfə alır. Magistraturada verdiyimiz təhsillə istər dil, istərsə də ədəbiyyat sahəsində yalnız Azərbaycanda deyil, dil və ədəbiyyatımızın yayıldığı hər yerdə müvəffəqiyyətlə çalışacaq mütəxəssislər yetişdirməyə səy göstəririk.
Kafedrada Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi ilə bağlı fənlər – “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan dilinin tədrisi metodikası”, “Ədəbiyyatın tədrisi metodikası”, “Dilçiliyə giriş”, “Şifahi xalq ədəbiyyatı”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dili tarixi”, “Dünya ədəbiyyatı”, “Türkologiyaya giriş”, “Ədəbiyyat nəzəriyyəsi”, “Dastan poetikası”, “Mifologiya və ədəbiyyat” və s. fənlər tədris olunur.
Kafedrada bakalavr təhsili ilə yanaşı, magistratura təhsili də verilir. Həm “Azərbaycan dili”, həm də “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə magistr hazırlıqları mövcuddur. Bakalavr və magistratura pilləsində mühazirə, seminar və praktik məşğələlər aparılır, referat və buraxılış işlərinə rəhbərlik edilir, tələbələr elmi-tədqiqat işlərinə istiqamətləndirilir.
Azərbaycan dili və ədəbiyyatı fakültəsini müvəffəqiyyətlə bitirən tələbələrimiz aldığı yüksək təhsil sayəsində ali və orta məktəblərdə pedaqoji fəaliyyətlə yanaşı, nəşriyyatlarda, qəzet və jurnalların redaksiyalarında, mədəniyyət təşkilatlarında, radio və televiziya kanallarında da işləyə bilərlər.
Kafedranın “Azərbaycan dili” və “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə doktorantura və dissertanturaya qəbul planları da mövcuddur.
Kafedranın fəaliyyət dairəsinə Azərbaycan dili və ədəbiyyatı sahəsində tədqiqatlar aparmaq, metodik əsərlər, proqram, dərslik və dərs vəsaitləri hazırlayıb çap etdirmək kimi fəaliyyətlər də daxildir.
Pedaqoji təcrübələr
Tələbələrimiz tədris müddətində auditoriya şəraitində qazandıqları nəzəri bilik və bacarıqları praktik olaraq möhkəmləndirmək, kompetensiyalarını inkişaf etdrirmək məqsədilə təcrübələrdə iştirak etmək məcburiyyətindədirlər. Təcrübələr müəllimin rəhbərliyi ilə qrup və ya yarımqrup olmaqla keçirilir və pedaqoji təcrübələri əhatə edir.
Bakalavr təhsil pilləsində təhsil alan 4-cü kurs tələbələrimizin pedaqoji hazırlığını təmin etmək, Azərbaycan dili, eləcə də ədəbiyyat fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, eyni zamanda təlim-tərbiyə prosesinin praktikliyini artırmaq məqsədi ilə müxtəlif vəsaitlərdən istifadə etmək bacarığını formalaşdırmaq, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq və s. üçün ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində (gimnaziya, lisey və s.) yaz semestrində pedaqoji təcrübələr həyata keçirilir. Hər bir tələbə pedaqoji təcrübə üçün lazım olan sənədləri hazırlamaq və təcrübənin sonunda rəhbər müəllimə təslim etməlidir.
Elmi-pedaqoji təcrübələr
“Azərbaycan dili” və “Azərbaycan ədəbiyyatı” ixtisasının magistrləri “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında pedaqoji təcrübələr keçirlər. Magistrlər, əsasən, kafedra müəllimlərinin ixtisas dərslərində aktiv iştirak edir və eyni zamanda məsul müəllimin nəzarəti altında nümunə dərslər tədris edirlər. Elmi-pedaqoji təcrübədəgörülmüş işlər hesabatlarda öz əksini tapır.
Elmi-tədqiqat təcrübələri
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının “Azərbaycan dili” ixtisasının magistrləri AMEA Dilçilik İnstitutunda, “Azərbaycan ədəbiyyatı” ixtisasının magistrləri isə AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübələri keçirlər. Magistrlərə təcrübə rəhbəri tərəfindən elmi-tədqiqat təcrübəsinin başlanma və sona çatma müddəti, təcrübə zamanı görməli olduqları iş və tapşırıqlar, təhvil veriləcək sənədlər haqqında ətraflı məlumat verilir. Magistr dissertasiya işlərinin mövzusuna uyğun olaraq tələbələr institutların şöbələrinə təhkim edilirlər.Onlar buradaelmi tədqiqat aparmağın müxtəlif üsulları ilə tanış olur, kitabxana imkanlarından faydalanırlar. Elmi-tədqiqat təcrübəsindəgörülmüş işlər hesabatlarda öz əksini tapır.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının əməkdaşları milli şüurun və mənliyin yeni nəslə ötürülməsində, tələbələrin cəmiyyətə yararlı şəxsiyyətlər kimi yetişmələri üçün qiymətli işlər görməkdədirlər. Kafedranın müəllimləri planda nəzərdə tutulmuş elmi tədqiqat işlərini yerinə yetirir, elmi pedaqoji səviyyələrini yüksəltmək və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasını təmin etmək məqsədilə müxtəlif tədbirlər, seminarlar təşkil edirlər. Kafedrada hal-hazırda ədəbiyyat və bədii dil məsələləri istiqaməti üzrə olmaqla bədii dil problemləri ilə bağlı elmi tədqiqat işləri aparılır.
“Azərbaycan dili və ədəbiyyati” kafedrası tam ştat professor-müəllim heyəti aşağıdakı tərkibdən ibarətdir;
Kafedrada 3 elmlər doktoru – Akif Hüseynli, Minəxanım Nuriyeva, Təranə Hacıyeva, onlardan 2 nəfəri professor – Akif Hüseynli, Minəxanım Nuriyeva;7 filologiya üzrə fəlsəfə doktoru – Emin Ağayev, Niyaməddin Haşımov, İslam Hüseynov, Sədrəddin Hüseyn, Rəhman Quliyev, Zabitə Teymurlu, Jalə Zeynallı, o cümlədən onlardan 3 nəfəri dosent – İslam Hüseynov, Emin Ağayev, Niyaməddin Haşımov; 5 müəllim – baş müəllim Ülvi Babayev, Subeybat Həsənova, Aysel Talıbova, Yeqzar Cəfərli və İnci Nağıyeva olmaqla elmi-pedaqoji fəaliyyət göstərirlər. Əməkdaşlar ixtisas, eləcə də qeyri-ixtisaslarda “Azərbaycan dili və nitq mədəniyyəti” dərslərini tədris edirlər.