Career Service Support

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrin peşəkar inkişafını dəstəkləmək və sənaye ilə əlaqələrini gücləndirmək məqsədilə ATS Food MMC-nin nümayəndələrinin iştirak etdiyi karyera tədbirinə ev sahibliyi etmişdir.

Tədbirdə BMU-nun Elektrik və Elektronika, Energetika, Mexanika və Proses Avtomatlaşdırılması Mühəndisliyi kafedralarının tələbələri iştirak etmişdir. Tədbirin əsas məqsədi gənclərin sənaye mütəxəssisləri ilə birbaşa əlaqə qurması, əmək bazarının tələbləri və real istehsal prosesləri barədə məlumat alması, həmçinin təcrübə və iş imkanlarını qiymətləndirməsi olmuşdur.

BMU-nun Mühəndislik Fakültəsinin dekanı Asif Quliyev mühəndislik ixtisaslarının inkişaf istiqamətlərini, sənaye əməkdaşlığının əhəmiyyətini və tələbələrin praktik biliklərinin artırılması üçün görülən işləri qeyd etmişdir.

Əməkdaşlıqlar və karyera şöbəsinin müdiri Gülçöhrə İbrahimova çıxışında tələbələrin sənaye təcrübəsini və məşğulluğunu dəstəkləmək üçün həyata keçirilən layihələrə diqqət çəkmişdir.

Sonra, ATS Food MMC-nin Təlim, İnkişaf və Kadr Seçimi Şöbəsinin müdiri Namig Mustafayev şirkətin fəaliyyəti, təcrübə və iş imkanları barədə məlumat vermişdir. ATS Food tərəfindən həyata keçirilən “Təcrübəçilərin Təlimi” layihəsindən danışan N. Mustafayev layihənin məqsədinin gənc istedadları müəyyən etmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etmək olduğunu vurğulamışdır. Layihə çərçivəsində 3-cü kurs tələbələri müəssisələrdə təcrübədən keçəcək və müasir istehsal prosesləri və avadanlıqlarla tanış olacaqlar. Təcrübəni uğurla başa vuran tələbələr şirkətdə işlə təmin olunmaq imkanına malik olacaqlar.

Tədbirin sonunda MMC-nin nümayəndələri təcrübə və iş imkanlarında iştirak etmək istəyən tələbələrlə fərdi müsahibələr keçirmişdir. Müsahibələr zamanı tələbələr şirkətin fəaliyyəti, seçim meyarları və layihəyə qəbul prosesi barədə suallar vermişlər.