Müasir bazar iqtisadiyyatı sisteminin müəyyən prinsip və qanunauyğunluqları vardır ki, bunlardan ən əsası rəqabətdir. Hazırda biznes vahidləri həcmindən, fəaliyyət sahəsindən, hüquqi formasından asılı olmayaraq rəqabət mühitində fəaliyyət göstərirlər. Belə bir şəraitdə onların nəinki uğur qazanmaları, ümumiyyətlə həyatda qalmaları və fəaliyyətlərini davam etdirmələri rəqabətqabiliyyətinə, rəqabət aparmaq güclərinə bağlıdır. Bu da yalnız və yalnız biznesin təşkili və idarə edilməsi üzrə müasir tələblərə uyğun yetişmiş ixtisaslı kadrların işə cəlb edilməsi ilə mümkündür.
Kafedranın məqsədi
Biznesin idarə edilməsi kafedrasının əsas məqsədi, müasir dövrün tələblərinə uyğun biznesi səmərəli, məhsuldar və mənfəətli həm təşkil, həm də idarə edəcək qabiliyyətlərə sahib kadrların yetişdirilməsidir.
Kafedranın fəaliyyət istiqamətləri
Kafedrada kadr hazırlığı Azərbaycan və İngilis dillərində olmaqla təhsilin bakalavriat, Azərbaycan dilində magistratura, yenə də Azərbaycan və İngilis dillərində MBA və "Müəssisələrin təşkili və idarəedilməsi" ixtisasında doktorantura pillələri üzrə aparılır.
Kafedranın akademik heyəti
Kafedrada müxtəlif ölkələrdə təhsil almış, peşəkar, yüksək ixtisaslı professor - müəllim heyəti çalışır. Tədrisin ingilis dilində aparıldığı şöbələrdə fəaliyyət göstərən heyətinin böyük əksəriyyəti beynəlxalq ingilis dili sertifikatına sahibdir. Kafedranın heyəti aşağıdakı kimidir:
1. Dos. Nəsimi Kamalov (kafedra müdiri)
2. Dos. Murad İsgəndərov
3. Dos. Rasim Abutalıbov
4. Dos. Təyyar Mustafayev
5. i.f.d. Anar Rza
6. i.f.d. İntiqam Bəşirov
7. i.f.d. Xəqani Bəşirov
8. Baş/m. Rüfət Məmmədov
9. Baş/m. Xatirə Yusifova
10. Müəllim Könül Məlikova
11. Müəllim Hikmət Axundov
12. Laborant Elnur Rəhimov
Kafedranın xarici əlaqələri
İxtisasların tədris proqramları xarici universitetlərin təcrübələrinə əsasən hazırlanmışdır. Kafedra əməkdaşları bir qayda olaraq, dünyanın müxtəlif ölkə universitetləri ilə aparılan mübadilə proqramlarında, eləcə də, ortaq layihələrdə iştirak edirlər. Kafedraya aid ixtisaslarda təhsil alan tələbələr də xarici ölkələrlə aparılan mübadilə proqramlarında aktiv iştirak edirlər. Bu prosesdə kafedra tərəfindən lazımi dəstək tələbələrə mütəmadi olaraq verilir.
Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu
Biznesin idarəedilməsi kafedrasında təhsil alan tələbələrə təhsil prosesində iş həyatına hazırlıqla bağlı master klas, seminar, görüşlər kimi bir sıra tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi istehsalat təcrübələridir. Xüsusilə bakalavriat pilləsində təhsil alan tələbələr ən son semestrdə 14 həftə müddətinə təcrübəyə göndərilirlər. Təcrübələr bir qayda olaraq, ölkənin aparıcı müəssisələrində həyata keçirilir.
Xüsusilə, bakalavriat səviyyəsində ixtisas seçimində ən vacib mövzulardan biri ixtisası bitirdikdən sonra ixtisas üzrə iş imkanının olub olmamasıdır. Bu məsələ hər zaman üçün aktual olmuşdur, bu gün də aktualdır eyni zamanda məntiqlidir. Biznesin idarə edilməsi üzrə təhsil alanlar bu baxımdan çox şanslıdırlar. Əvvəla ona görə ki, biznes fəaliyyəti cəmiyyət, insanlıq var olduğu müddətcə mövcudluğunu qoruyacaq. Yəni bu fəaliyyətin sonu yoxdur. İkincisi biznesin idarə edilməsi müasir dövrdə mövcud olan bir neçə ixtisası özündə birləşdirir və bu ixtisas üzrə məzun olmuş şəxslər qeyd edilən sahələrin hər biri üzrə fəaliyyət göstərə bilərlər. Eyni zamanda təhsilin növbəti magistratura mərhələsində də istəklərinə uyğun olaraq bu ixtisaslrdan hər-hansı birini seçərək təhsillərini davam etdirmək imkanına sahibdirlər. Digər tərəfdən Biznesin idarə edilməsi ixtisasında təhsil alan tələbələrə ümumiyytlə biznesin təşkili və idarə edilməsi üzrə ümumi biliklər verildiyindən, müvafiq bacarıqlar qazandırıldıqdan bu şəxslər sənaye, kənd təsərrüfatı, bank - maliyyə, ticarət, turizm, bir sözlə iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərə bilərlər. Bu baxımdan da məzunların qarşısında heçbir məhdudiyyət yoxdur. Qısaca, Biznesin idarə edilməsi ixtisası üzrə məzun olanlar, digər ixtisaslardan məzun olanlarla müqayisədə ən çox iş imkanına sahibdirlər.
Kafedranın maddi-texniki bazası (laborotoriyaları)
Biznes sahəsində ən çox statistika və ekonometrika ilə bağlı laboratoriya tədqiqatları aparılır ki, kafedranın öhdəliyində bu məqsədə xidmət edən müvafiq proqramlarla (EViews, SPSS və s.) təmin edilmiş kompüter laboratoriyası mövcuddur.
Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti
Kafedraya aid ixtisaslarda təhsil alan tələbələr, Tələbə elmi cəmiyyəti, Biznes dünyası klubu başda olmaqla müxtəlif təşkilat, dərnək və klublar vasitəsi ilə elmi-sosial xarakterli fəaliyyətlərdə iştirak edirlər. İstər universitet daxili, istərsə də respublika və dünya əhəmiyyətli elmi-praktiki, sosial tədbirlərdə öz bilik və bacarıqlarını nümayiş etdirirlər.