Dövlət və bələdiyyə idarəetməsi sahəsi 20-ci əsrdə milli dövlət quruluşlarının hakim siyasi sistem forması almasından sonra elmi araşdırma sahəsi kimi böyük əhəmiyyət qazanmışdır. Bu əhəmiyyətin ən böyük səbəbi dövlətin ictimai xidmətlər göstərən bir qurum kimi önəminin və məsuliyyətinin artması ilə əlaqədar olaraq dövlət idarəçiliyinin elmi cəhətdən araşdırılması zərurətinin ortaya çıxmasıdır.
Bununla bağlı olaraq bu sahə Qitə Avropasında dövlət hüququ və inzibati hüquq formasında, anqlosakson ölkələrində isə elmi idarəetmə anlayışı formasında inkişaf etmişdir. Bunların xaricində son dövrlərdə demokratiya və yerli özünüidarəetmə sahəsində dünyada baş verən yeniliklər də bu sahənin inkişafına səbəb olmuşdur. Dövlətin iqtisadi sahədəki rolunun artması da dövlət idarəçiliyində yeni bir araşdırma sahəsi kimi ortaya çıxarmış, iqtisadiyyat və maliyyə sahələri də dövlət idarəçiliyi sahəsinin tədqiqat predmetinə çevrilmişdir. Bu baxımdan dövlət və bələdiyyə idarəçiliyinin ümumi görünüşünə nəzər saldıqda onun sahələrarası bir elm olduğu görünür. Belə geniş əhatə dairəsi bu sahədə təhsil alan tələbələrin konkret bir sahədə mütəxəssis olmaqdan çox, dövlət idarəçiliyi ilə bağlı bütün sahələrdə bilik və bacarıq əldə etməsini təmin edir.
Tələbələrimiz geniş çərçivəli bu təhsil sayəsində əldə etdikləri bilik və bacarıqlarını Azərbaycanda həm dövlət, həm də özəl qurumlarda idarəçi vəzifələrində çalışaraq inkişaf etdirir və cəmiyyətə faydalı olmağa çalışırlar.
Məqsədimiz tələbələrimizi Azərbaycan dövlətçiliyinə xidmət edəcək, dövlət strukturlarında müxtəlif sahələrdə qulluq edəcək keyfiyyətdə gələcəyin kadrları kimi hazırlamaqdır.
Bakı Mühəndislik Universitetində tələbələr bu ixtisası istər dövlət sifarişi əsasında, istərsə də ödənişli əsaslarla oxuya bilərlər. Kafedrada ixtisasın İngilis dilində tədrisi də təşkil olunub. İxtisasa İngilis dilində yiyələnmək tələbələrimizə xaricə çıxış imkanlarını asanlaşdırır. Tələbələrimiz və müəllimlərimiz Türkiyə, İtalya, Çexiya, Polşa, Macarıstan vb. ölkələrdə mübadilə proqramlarında iştirak edirlər.
Tələbələrimiz nəzəri biliklərini praktikada təkmilləşdirmək üçün müxtəlif qurumlarda 14 həftəlik istehsalat təcrübəsinə cəlb edilirlər. Təcrübələr kafedranın müəllimlərinin nəzarətində həyata keçirilir və müxtəlif müəssisələrdə axırıncı kurs tələbələrimiz nəzəri biliklərini praktika ilə birləşdirmə imkanı əldə edirlər.
Kafedranın prоfessоr-müəllim heyəti aşağıdakı tərkibdən ibarətdir;
s.ü.f.d., dos. Ədalət İbadov (Kafedra müdiri)
i.ü.f.d., Xanlar Heydərov (Dekan müavini)
Baş müəllim, Nərgiz Nəhmətova
Baş müəllim, Cahid Məmmədov
Baş Müəllim, Nüsrət Quliyev
Müəllim, Gülnar Zülfüqarova
h.ü.f.d., dos. Mübariz Yolçuyev (yarım ştat)
Baş müəllim, Qürbət Məmmədov (Hüquq Şöbəsinin müdiri)
Kafedramızda "Dövlət strukturlarında menecment" ixtisaslaşması üzrə magistr hazırlığı da həyata keçirilir. Magistr hazırlığı yüksək səviyyədə təşkil olunduğunu nəzərə alaraq demək olar ki, hər il qəbul planı tam olaraq dolmaqdadır.
Dövlət və bələdiyyə idarəetməsi ixtisasında tələbələrə universitetdə fəaliyyət göstərən müxtəlif klub və dərnəklərdə, sosial layihələrdə iştirak etmək üçün geniş imkan yaradılır. Eləcə də kafedra Tələbə Elmi Cəmiyyəti vasitəsi ilə tələbələrin elmi fəaliyyətlərə cəlb olunması həyata keçirilir.
Gələcəkdə ölkəmizin dövlət quruculuğunda və inkişaf etdirilməsində iştirak etmək üçün sizləri də Bakı Mühəndislik Universitetinə dəvət edirik.
Kafedra müdiri: Dos. Ədalət İbadov