BMU-da Qarabağ Zəfəri və Böyük Qayıdış mövzusunda tədbir keçirilib
9 noyabr 2026
Bakı Mühəndislik Universiteti (BMU) YAP Yeni Klubunun təşkilatçılığı ilə Qarabağ Zəfərinə və işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa həsr olunmuş tədbir keçirilib.
Tədbir gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağın tarixi və Böyük Qayıdış konsepsiyası barədə məlumatlandırılması məqsədi daşıyıb. Əvvəlcə Böyük Qayıdışdan bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə bildirilib ki, doğma torpaqlarımızda yenidən məskunlaşmanın mənəvi və tarixi əhəmiyyətini əks etdirən qayıdış prosesi xalqımızın yaddaşında xüsusi məna daşıyır. Böyük Qayıdış xalqımızın şanlı Zəfər tarixinin davamıdır və məcburi köçkünlərin doğma yurd yerlərinə qovuşmaq arzusunun gerçəkləşməsini, gələcəyə olan inamını təcəssüm etdirir.
Tədbirdə BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev çıxış edərək İkinci Qarabağ müharibəsinin tarixi, Azərbaycanın qazandığı şanlı Zəfər və bu qələbənin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Vətən müharibəsində əldə olunan tarixi nailiyyətlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Bədii hissə ilə davam edən tədbirdə BMU-nun rəqs kollektivi milli rəqslərimizi təqdim edib, tələbələrin ifasında vətənpərvərlik ruhlu musiqi nümunələri səsləndirilib.





