Mühəndislik fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib

12 noyabr 2026
Mühəndislik fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində birinci kurs tələbələrinin iştirakı ilə qış imtahan sessiyasına hazırlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.

 

Görüşdə çıxış edən fakültənin dekanı Asif Quliyev tələbələrin akademik göstəriciləri ilə yanaşı, onların peşəkar inkişafının və əmək bazarına hazırlığının da universitetin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu baxımdan BMU-da həyata keçirilən ikili diplom proqramları, tələbələr üçün yaradılan karyera imkanları, eləcə də tanınmış şirkətlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan təcrübə proqramlarının əhəmiyyətini diqqətə çatdırıb. Dekan tələbələri universitetin təqdim etdiyi bu imkanlardan səmərəli yararlanmağa, şəxsi və peşəkar inkişaflarına davamlı şəkildə töhfə verməyə çağırıb.

 

Görüşdə tələbələrə qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı vacib məqamlar, qiymətləndirmə meyarları, imtahan prosesinin şəffaf və obyektiv təşkili üçün yaradılan şərait barədə məlumat verilib. Eyni zamanda, cavab vərəqələrinin düzgün doldurulması, biliklərin qiymətləndirilməsi mexanizmləri və təkrar imtahanların təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilib.

 

Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb.

Mühəndislik fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib | BEU