Massaçusets Texnologiya İnstitutunun məzunu BMU-da master-klass keçib
13 may 2026
Bakı Mühəndislik Universitetində (BMU) Massaçusets Texnologiya İnstitutunun (MİT) məzunu, süni intellekt üzrə tədqiqatçı və sahibkar Orxan Cavadlı tərəfindən “Sahibkarlıq və özünütəkmilləşdirən süni intellekt sistemləri: qiymətləndirmə və optimallaşdırma” mövzusunda master-klass keçirilib.
Beynəlxalq əlaqələr üzrə prorektorluq və BMU Texnoparkının təşkil etdiyi tərbirdə master-klassın tələbələr üçün mühüm praktiki əhəmiyyət daşıdığı, o cümlədən real sahibkarlıq təcrübəsini, süni intellekt sahəsində aparılan qabaqcıl tədqiqatları əhatə etdiyi bildirilib.
Sonra Orxan Cavadlı ABŞ və Azərbaycanda on ildən artıq müddətdə texnologiya şirkətləri qurmaq sahəsində qazandığı təcrübədən, eləcə də özünütəkmilləşdirən AI sistemləri üzrə həyata keçirilən aktual tədqiqatlardan danışıb.
Master-klass çərçivəsində startap ideyalarının qiymətləndirilməsi, bazar həcmi, problemin aktuallığı və investorlar üçün mühüm hesab olunan məsələlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, CB Insights-ın 110-dan çox startap post-mortem analizi əsasında məhsul-bazar uyğunluğu, kapital intizamı, komanda quruluşu, rəqabət mühiti və unit ekonomikasının startapların uğurunda oynadığı rol diqqətə çatdırılıb. Tədbirdə, həmçinin AI sistemləri, observability və qiymətləndirmə arasındakı fərqlər, GPA qiymətləndirmə çərçivəsi vahid özünütəkmilləşdirmə metodologiyası kimi təqdim edilən TEI Loop kimi məsələlər barədə ətraflı məlumat verilib.
Sessiya zamanı tələbə və müəllimlərlə erkən mərhələdə maliyyələşmə strategiyaları, mühəndis tələbələrinin qlobal süni intellekt tədqiqatlarına verə biləcəyi töhfələr və s. barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MİT məzunu Orxan Cavadlı özünütəkmilləşdirən AI sistemlərinin qiymətləndirilməsi və optimallaşdırılması üçün nəzərdə tutulan açıq mənbəli TEI (Target-Evaluate-Improve) çərçivəsinin müəllifidir. Bu metodologiya Stenford Universitetində keçirilən bir sıra tədbirlərdə, o cümlədən Stenford Məlumat Elmi təşəbbüsü və Stenfordun İnsan Mərkəzli Süni İntellekt İnstitutu tərəfindən təşkil olunan konfranslarda təqdim edilib.