Koreyada təhsil alacaq BMU-İNHA İDP tələbələri ilə görüş keçirilib

25 fevral 2026
Koreyada təhsil alacaq BMU-İNHA İDP tələbələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən tam dövlət təqaüdlü ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində hazırda III kursda təhsil alan tələbələrlə görüş təşkil edilib.

 

2023-cü tədris ilində proqrama qəbul olunan tələbələrlə görüşdə BMU-İNHA-İDP-nin direktoru Humay Cəfərli 3+1 modeli əsasında icra edilən beynəlxalq proqramın ötən dövrdə uğurla icra olunmasından danışıb. Bildirilib ki, tələbələrin təhsillərinin sonuncu ilini (IV kurs) Koreyada davam etdirmələri onların yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir. 

 

İDP-nin layihə rəhbəri Hyunjin Yang isə Koreyada təhsil prosesi, akademik mühit və imkanlar barədə tələbələri məlumatlandırıb.

 

Sonra BMU-İNHA İDP heyəti tərəfindən Koreyaya səfər zamanı tələb olunan sənədlər, viza prosedurları, sığorta və digər məsələlər haqda zəruri informasiyalar təqdim edilib. Həmçinin 2025/2026-cı tədris ilinin payız semestri üzrə müəllim heyəti ilə bağlı tələbələrin fikirləri öyrənilib. 

 

Görüş zamanı “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisaslarında təhsil alan III kurs tələbələrinə cari ilin yay aylarında BMU-da İNHA professorları tərəfindən tədris olunacaq yay məktəbi dərsləri barədə də ətraflı məlumat verilib. Eyni zamanda, onların IV kursu İNHA Universitetində davam etdirəcəkləri nəzərə alınaraq, təhsil prosesi, akademik tələblər və uyğunlaşma məsələləri müzakirə edilib.

 

Sonda tələbələrin təklifləri dinlənilərək onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. 

Koreyada təhsil alacaq BMU-İNHA İDP tələbələri ilə görüş keçirilib | BEU