BMU və PKTU-nun birgə fakültəsi: tələbələri hansı imkanlar gözləyir? - VİDEO

29 iyul 2026
BMU və PKTU-nun birgə fakültəsi: tələbələri hansı imkanlar gözləyir? - VİDEO

Bakı Mühəndislik Universiteti (BMU) və Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi Mühəndislik fakültəsinə bu il ilk dəfə tələbə qəbulu aparılır. BMU-nun prorektoru, professor Ətrabə Gül AZƏRTAC-a müsahibəsində yeni fakültənin üstünlüklərindən, tələbələrə təqdim edəcəyi imkanlardan, ikili diplom proqramlarının fərqli cəhətlərindən və hədəflərindən danışıb. Müsahibəni təqdim edirik.

 

- Bu il ilk dəfə olaraq Bakı Mühəndislik Üniversiteti ilə Pekin Kimya Texnologiya Universitetinin birgə təsis etdiyi Mühəndislik fakültəsinə qəbul aparılır. Yeni fakültənin yaradılması nə ilə bağlıdır?

 

- Bakı Mühəndislik Universitetinin tərəfdaş kimi Çinin aparıcı ali təhsil müəssisələrindən olan Pekin Kimya Texnologiya Universitetini seçməsi və birgə Mühəndislik fakültəsini təsis etməsi təsadüfi qərar deyil. Bu təşəbbüs Azərbaycan ilə Çin arasında son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin, xüsusilə elm, texnologiya və ali təhsil sahələrində dərinləşən əməkdaşlığın məntiqi nəticəsidir. Bu gün dünya süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, Sənaye 4.0 və artıq Sənaye 5.0 kimi qlobal transformasiya proseslərini yaşayır. Belə bir dövrdə ölkələrin rəqabət üstünlüyünü müəyyən edən əsas amillərdən biri yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasıdır. Buna görə də beynəlxalq standartlara uyğun, innovativ düşüncəyə və qlobal kompetensiyalara malik mühəndislərin hazırlanması artıq seçim deyil, strateji zərurətdir.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi, bilik iqtisadiyyatının inkişafı, innovasiya ekosisteminin genişləndirilməsi, yüksək texnologiyaların tətbiqi və rəqəmsal transformasiya prioritet məsələlərdəndir. Bu prioritetlər ali təhsil qarşısında da yeni vəzifələr müəyyənləşdirib. Bakı Mühəndislik Universiteti də öz fəaliyyətini məhz bu prioritetlərə uyğun quraraq beynəlxalq akademik tərəfdaşlıq əlaqələrini genişləndirir, müasir mühəndis hazırlığı modelini inkişaf etdirir və ölkənin texnoloji inkişafına xidmət edən təşəbbüsləri həyata keçirir.

 

- Yeni yaradılan Mühəndislik fakültəsi tələbələrə hansı imkanları təqdim edəcək?

 

- Bu fakültə Çinin qabaqcıl mühəndislik təcrübəsi, müasir tədris metodologiyaları, elmi-tədqiqat ənənəsi, innovasiya mədəniyyəti və texnoloji transfer imkanlarını Azərbaycana transfer edərək ölkəmizin inkişafı üçün həyata keçirilən strateji tədbirlərə töhfə verəcək.

 

Eyni zamanda, tələbələr beynəlxalq standartlara uyğun təhsil alacaq, qlobal sənayenin tələblərinə cavab verən səriştələr qazanacaq və dünyanın aparıcı istehsal və texnologiya ekosistemlərindən birinin təcrübəsindən birbaşa faydalanacaqlar. Bu fakültə tələbələrimizə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq, qabaqcıl elmi məktəblərin təcrübəsindən faydalanmaq, müasir laboratoriyalarda praktiki bilik və bacarıqlara yiyələnmək, akademik və elmi mübadilə proqramlarında iştirak etmək, qlobal əmək bazarında rəqabətqabiliyyətli mühəndis kimi formalaşmaq üçün geniş imkanlar yaradacaq.

 

- Bu fakültə digər ikili diplom proqramlarından hansı xüsusiyyətlərinə görə fərqlənir?

 

- PKTU-BMU Mühəndislik fakültəsini fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, bu, sadəcə ikili diplom proqramı deyil, iki universitet tərəfindən birgə təsis edilmiş müstəqil akademik fakültədir. Burada tədris keyfiyyət təminatı mexanizmləri, akademik idarəetmə isə beynəlxalq əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir.

 

Digər mühüm fərq isə proqramın 3+1 modeli ilə həyata keçirilməsidir. Tələbələr təhsillərinin böyük hissəsini Azərbaycanda aldıqları halda, sonuncu ili PKTU-da davam etdirərək beynəlxalq akademik və sənaye mühitində təcrübə qazanırlar. Yüksək akademik göstərici əldə edən tələbələrin PKTU-da təhsilini təqaüd hesabına davam etdirmək imkanı da mövcuddur. Fakültədəki ixtisaslar müxtəlif meyarlar əsasında seçilib. Əmək bazarının mövcud və perspektiv tələbi, sənaye və innovasiya inkişaf prioritetləri, eləcə də PKTU-nun güclü akademik istiqamətləri nəzərə alınmaqla seçim həyata keçirilib.

 

Hesab edirik ki, bu ixtisaslar ölkəmizin inkişafı üçün vacib olan strateji sahələrə və həmin sahələrdə yüksəkixtisaslı mütəxəssis tələbatının qarşılanmasına töhfə verəcək.

 

- PKTU-BMU Mühəndislik fakültəsinin yaxın illər üçün əsas hədəfləri və planları nədən ibarətdir?

 

-Mühəndislik fakültəsinin təsis olunmasında əsas hədəfimiz regionun qabaqcıl mühəndislik təhsili mərkəzlərindən birinə çevrilməkdir. Məqsədimiz multidisiplinar bilik və bacarıqlara yiyələnən, dünyanın qabaqcıl texnologiyalarını bilən, onları tətbiq edə bilən və innovasiyalara liderlik edən mühəndis kadrlar hazırlamaqdır. Bununla yanaşı, Azərbaycanın elmi-texnoloji inkişafına daha böyük töhfə verməyi qarşıya məqsəd qoymuşuq.

 

Planlarımız sırasında yeni mühəndislik proqramlarının açılması, birgə elmi-tədqiqat layihələrinin və akademik mübadilə imkanlarının artırılması, müasir laboratoriya bazasının daha da gücləndirilməsi, sənaye tərəfdaşlığının genişləndirilməsi və tələbələrin beynəlxalq layihələrdə iştirakının təşviqi yer alır.

 

Tərəfdaşlıq etdiyimiz Pekin Kimya Texnologiya Universiteti sadalanan istiqamətlər üzrə beynəlxalq səviyyədə tanınmış elmi və tədqiqat potensialına malik ali təhsil müəssisəsidir. Bu əməkdaşlığın gələcəkdə daha geniş nəticələr verəcəyinə inanırıq.