BMU “TURKCHEM AZERBAIJAN” sərgisində strateji-akademik tərəfdaş kimi çıxış edəcək
29 sentyabr 2026
Bakı Mühəndislik Universiteti (BMU) kimya sənayesinin aparıcı nümayəndələrini, tədqiqatçıları və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirəcək “TURKCHEM AZERBAIJAN” Beynəlxalq Kimya Sənayesi Sərgisində strateji-akademik dəstəkçi kimi çıxış edəcək.
6–8 aprel 2027-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə BMU-nun elmi-tədqiqat və innovasiya fəaliyyəti, kimya mühəndisliyi istiqamətində aparılan tətbiqyönümlü araşdırmalar, eləcə də universitetin Texnoparkının fəaliyyəti təqdim olunacaq.
BMU-nun sərgidə iştirakı ilə bağlı universitetlə tədbirin təşkilatçısı ECHO GLOBAL MMC arasında əməkdaşlıq sazişi imzalanıb.
Tədbir çərçivəsində BMU-nun Kimya mühəndisliyi kafedrasının alimlərinin elmi-tədqiqat nəticələrinə xüsusi diqqət yetiriləcək. Kimya mühəndisliyi, müasir kimyəvi texnologiyalar və tətbiqi tədqiqatlar sahəsində aparılan araşdırmaların təqdimatı universitet alimlərinə sənaye nümayəndələri, tədqiqatçılar və investorlarla birbaşa təmas qurmaq, elmi nəticələrin praktiki tətbiqi və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmək imkanı yaradacaq.
BMU-nun təqdim edəcəyi əsas istiqamətlərdən biri də Texnoparkın fəaliyyəti olacaq. Burada elmi-tədqiqat nəticələrinin texnologiya transferi və kommersiyalaşdırılması, eləcə də universitet-sənaye əməkdaşlığının inkişafı istiqamətində görülən işlər nümayiş etdiriləcək.
Sərgi, həmçinin BMU alimlərinin elmi nəticələrinin potensial sənaye tərəfdaşlarına təqdim olunması, innovativ həllərin tətbiq perspektivlərinin müzakirəsi və birgə layihələr üzrə yeni əməkdaşlıqların qurulması üçün əlverişli platforma yaradacaq.
BMU-nun “TURKCHEM AZERBAIJAN” sərgisində iştirakı universitetin elmi və innovasiya potensialının sənaye ilə əlaqələndirilməsinə, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarının genişləndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına xidmət edəcək.