BMU tələbələri üçün istehsalat yönümlü ekskursiya təşkil edilib
17 aprel 2026
Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin mexanika və maşın mühəndisliyi ixtisaslarının bir qrup 3-cü kurs tələbəsi “Hidroservice Engineering” MMC-də ekskursiyada olub.
Mexanika mühəndisliyi kafedrasının müdiri Mahir Bəşirov, kafedranın əməkdaşları Natiq Rzayev və Mürsəl Nəsirovun rəhbərliyi ilə baş tutan ekskursiya zamanı tələbələr müəssisənin fəaliyyəti, istehsal sahələri, istifadə olunan müasir avadanlıqlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Şirkətin direktoru və təsisçisi Bəxtiyar Qənbərov tələbələrə istehsal prosesinin mərhələləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, müəssisədə əsasən hidravlik sistemlərin təmiri, texniki xidməti və müxtəlif mexaniki avadanlıqların hazırlanması həyata keçirilir.
Həmçinin tələbələrə istehsalat sahəsində istifadə olunan hidravlik avadanlıqlar, nasos sistemləri, hidravlik mühərriklər və digər texnoloji qurğuların iş prinsipləri izah edilib, onların tətbiq sahələri barədə nümunələr göstərilib. Eyni zamanda tələbələr təhlükəsizlik qaydaları, avadanlıqlardan düzgün istifadə və istehsalatda keyfiyyətə nəzarət məsələləri ilə də tanış olublar.
Tələbələrin marağına səbəb olan suallar müəssisə rəhbəri və müəllimlər tərəfindən ətraflı şəkildə cavablandırılıb.


