BMU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər

26 oktyabr 2026
BMU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Zərif Salehzadə (“Kompüter elmləri” ixtisası) və Nizami Tağızadə (“İnformasiya texnologiyaları” ixtisası) Türkiyənin Kocaeli şəhərində keçirilən “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər.

 

 “Ortaq miras, tək ürək” şüarı altında təşkil olunan üçgünlük tədbirə Türk dünyasının müxtəlif bölgələrindən alimlər, səfirlər, media nümayəndələri və 400-dən çox universitet tələbəsi qatılıb.

 

Ortaq tarix, dil, mədəniyyət və sivilizasiya irsinin qorunması, türk dövlətləri və qohum xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də ortaq gələcəyin formalaşdırılmasında gənclərin rolunun artırılması məqsədi daşıyan proqram çərçivəsində müxtəlif panel və müzakirələr keçirilib.

 

BMU tələbələri Türk dünyasının gələcəyi, gənclər arasında əməkdaşlığın genişləndirilməsi, diplomatiya, ortaq tarixi yaddaş və rəqəmsal müstəvidə qarşılıqlı əlaqələrin inkişafı mövzularına həsr olunan sessiyalarda iştirak ediblər.

 

Tədbirdə, həmçinin türkdilli xalqların, o cümlədən Azərbaycanın milli geyimləri və milli mətbəx nümunələri təqdim olunub. Proqramın sonunda iştirakçılara sertifikatlar verilib.

 

Qeyd edək ki, tədbir Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil edilib.

BMU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər | BEU