BMU tələbələri qəhrəmanlıq tariximizi yad ediblər

5 noyabr 2026
BMU tələbələri qəhrəmanlıq tariximizi yad ediblər

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağ tarixinin təbliği və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə “Əsgəran” adlı tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən THİK-in sədri Əli Hüseynov tədbirin əhəmiyyətindən bəhs edib. O, çıxışında gənclərin üzərinə düşən vəzifələrin Qarabağ həqiqətlərinin təbliğində fəal iştirak etmək, Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığını daim xatırlamaq, şəhidlərimizin əziz xatirəsini hər zaman yaşatmaq və milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olduğunu vurğulayıb.

 

Sonra BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev çıxış edərək İkinci Qarabağ müharibəsinin tarixi, müharibə ərəfəsində baş verən hadisələr, hərbi əməliyyatların gedişi və Azərbaycanın qazandığı tarixi Zəfər haqqında ətraflı məlumat verib. Natiq Qarabağ münaqişəsinin tarixi köklərinə toxunaraq bu günün tarixi yaddaşımızda daşıdığı əhəmiyyəti diqqətə çatdırıb. 

 

Ardınca mövzu ətrafında tələbələrlə müzakirə aparılıb, onların sualları cavablandırılıb və fikirləri dinlənilib.

 

Tədbirin bədii hissəsində tələbələr Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunan, xalqımızın qəhrəmanlığını və Zəfər sevincini tərənnüm edən musiqi ifaları ilə çıxış ediblər.

BMU tələbələri qəhrəmanlıq tariximizi yad ediblər | BEU