BMU tələbələri istehsalat prosesi ilə tanış olublar
3 aprel 2026
Bakı Mühəndislik Universitetinin (BMU) “Şərabçılıq” ixtisasının tələbələri Carlsberg Azerbaijan zavoduna ekskursiya ediblər.
İstehsalat prosesi ilə yaxından tanışlıq məqsədi daşıyan, eyni zamanda tələbələrin peşəkar inkişafına, gələcək karyera planlamasına töhfə verən ekskursiya BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Ekskursiya zamanı tələbələrə məhsulların hazırlanma mərhələləri, istifadə olunan texnologiyalar və keyfiyyətə nəzarət prosesi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, müəssisənin mütəxəssisləri ilə görüş təşkil olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Fəallığı ilə seçilən tələbələr müxtəlif mükafatlarla təltif olunublar.
Qeyd edək ki, ekskursiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 9-cu istiqamətə (Sənaye, innovasiya və infrastruktur) uyğun olaraq təşkil edilib.