BMU tələbələri gənclər mübadiləsi layihəsində iştirak ediblər
2 iyul 2026
Bakı Mühəndislik Universitetinin (BMU) "Kompüter mühəndisliyi" ixtisası üzrə I kurs tələbəsi Pərvin Babazadə və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Elturan Əliyev (BMU-İNHA İDP) İtaliyanın Venetico şəhərində keçirilən Gənclər Mübadiləsi (EVoice Youth Exchange) layihəsində iştirak ediblər.
Azərbaycan, İtaliya, İspaniya, Gürcüstan, Moldova, Polşa və Yunanıstandan olan gənclərin bir araya gəldiyi layihə çərçivəsində tələbələr qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlərdə, debatlarda, beyin həmləsi sessiyalarında və mədəniyyətlərarası fəaliyyətlərdə iştirak edərək müxtəlif ölkələrdən olan gənclərlə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, onlar gənclərin cəmiyyət həyatındakı rolu mövzularında videoçarxların, podkastların və vizual hekayələrin hazırlanmasına töhfə verib, komanda işi, tənqidi düşünmə, ünsiyyət və rəqəmsal bacarıqlarını daha da inkişaf etdiriblər.
Qeyd edək ki, layihə Azərbaycan Tələbə Birliyi tərəfindən koordinasiya olunub və gənclərin beynəlxalq təcrübə qazanması, mədəniyyətlərarası dialoqun inkişafı və fəal vətəndaşlıq dəyərlərinin təşviqi məqsədi daşıyıb.
