BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

2 noyabr 2026
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) baş müəllimi Yusif Yusifovun təsis etdiyi və universitetin məzunlarından ibarət komanda tərəfindən hazırlanan HOGGA startapı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə keçirilən “Startup School 4: Five Continents – 500 Startups” beynəlxalq innovasiya proqramında birinci yerə layiq görülüb.

 

Proqramın final mərhələsi Bakıda “Demo Day” formatında təşkil olunub. Beş qitədən 500 startapı əhatə edən layihə 9-u vençur kapital fondu və investisiya təşkilatı olmaqla, ümumilikdə 40 yerli və beynəlxalq tərəfdaşın dəstəyi ilə həyata keçirilib. Üç ay davam edən təlim proqramının nəticəsi olaraq 70 startap final mərhələsinə vəsiqə qazanıb və burada öz minimum işlək məhsullarını (MVP) sərgi formatında təqdim ediblər.

 

“Demo Day” tədbirində dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, yerli və beynəlxalq investorlar, vençur kapital fondlarının təmsilçiləri, biznes nümayəndələri və innovasiya ekosisteminin digər iştirakçıları bir araya gəliblər.

 

Beynəlxalq proqramın əsas məqsədi innovativ sahibkarlığın inkişafına təkan vermək, startapların investisiya imkanlarına çıxışını asanlaşdırmaq, beynəlxalq tərəfdaşlıqları gücləndirmək, eləcə də onların rəqabətqabiliyyətli məhsullar hazırlayaraq qlobal bazarlara çıxmasına dəstək göstərməkdir. “Enterprise Azerbaijan” portalı “Startup School” təşəbbüsü vasitəsilə Azərbaycan startaplarının beynəlxalq mentorlar, investorlar və innovasiya ekosistemləri ilə əlaqələrinin qurulmasına töhfə verir.

 

Final mərhələsində innovativ texnoloji həlli ilə diqqət çəkən HOGGA münsiflər heyətinin qərarı ilə proqramın qalibi elan olunub.

 

BMU-nun “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə məzunları Gülnaz Cümayeva, Sama Dostəliyeva, Mehriban Əlizadə və Riyad Ağazadədən ibarət komanda HOGGA platforması vasitəsilə biznesin rəqəmsallaşdırılmasına yeni yanaşma təqdim edib.

 

HOGGA sahibkarlara proqramlaşdırma biliklərinə ehtiyac duymadan, bizneslərinin tələblərinə uyğun fərdi proqram təminatı yaratmağa imkan verən süni intellekt əsaslı platformadır. Platformanın əsas məqsədi kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsallaşma prosesini daha asan, sürətli və əlçatan etməkdir. HOGGA-nın əsas fərqləndirici xüsusiyyəti süni intellektdən yalnız proqram kodunun yazılması üçün bir vasitə kimi deyil, həm də biznes analitiki kimi istifadə etməsidir. Sahibkarlar biznes tələblərini və ehtiyac duyduqları funksiyaları süni intellektlə yazılı və ya səsli ünsiyyət vasitəsilə bölüşürlər. Sistem daxil edilən məlumatları təhlil edir, verilənlər obyektlərini, onların atributlarını və qarşılıqlı əlaqələrini müəyyənləşdirərək strukturlaşdırır. Növbəti mərhələdə HOGGA-nın ixtisaslaşmış proqram təminatı generatoru formalaşdırılmış model əsasında proqram kodunu yaradır. Bu kod obyektyönümlü proqramlaşdırma prinsipləri əsasında əvvəlcədən hazırlanmış, sınaqdan keçirilmiş və təhlükəsizlik yoxlamalarından keçmiş komponentlərə əsaslanır.

 

Beləliklə, platforma süni intellektin sərbəst şəkildə kod yaratması əvəzinə, əvvəlcədən hazırlanmış və yoxlanılmış proqram komponentlərindən istifadə etməklə fərdi tətbiqlər formalaşdırır. Nəticədə sahibkarlar öz bizneslərinin spesifik tələblərinə uyğun veb, mobil və masaüstü tətbiqlər əldə edə bilirlər.

 

HOGGA-nın “Startup School 4” beynəlxalq proqramında qazandığı uğur BMU-nun professor-müəllim heyətinin və məzunlarının elmi bilikləri praktiki təcrübə ilə birləşdirərək real biznes ehtiyaclarına cavab verən innovativ texnoloji həllər hazırlamaq potensialını nümayiş etdirir. Bu nailiyyət, eyni zamanda, beynəlxalq startap dəstəyi təşəbbüslərinin Azərbaycan innovatorlarına öz layihələrini beynəlxalq səviyyədə təqdim etmək, yeni işgüzar əlaqələr qurmaq və qlobal innovasiya şəbəkələrinə inteqrasiya olunmaq baxımından yaratdığı imkanların əhəmiyyətini bir daha təsdiqləyir.

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub | BEU