BMU-nun sənaye ilə əməkdaşlığı və startap layihələri “Araz FM”-də müzakirə olunub
2 aprel 2026
Bakı Mühəndislik Universitetinin (BMU) sənaye ilə əməkdaşlıq istiqamətində həyata keçirdiyi fəaliyyətlər “Araz FM”-də yayımlanan “Biznes Mərkəzi” verilişinin növbəti buraxılışında geniş müzakirə olunub.
Universitetin tədris işləri üzrə prorektoru Həmzağa Orucovun qonaq olduğu verilişdə tədris planının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələrin müəssisələrdə praktiki təcrübə qazanması, startap layihələrinin inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması, süni intellektin tədris və tədqiqat proseslərinə inteqrasiyası, eləcə də universitet Texnoparkının innovasiya və elmin iqtisadi dəyərə çevrilməsinə töhfələri kimi mövzulardan bəhs edilib.
Eyni zamanda, verilişdə BMU tələbələrinin startap layihələrinə də yer ayrılıb. “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Hakim Musazadə “LankonFarm”, “Komputer elmləri” ixtisasının IV kurs tələbəsi Aysun Eminli isə “GreenGuset” layihələri ilə bağlı çıxış ediblər.
Buraxılışda, həmçinin tələbələrin innovasiya fəaliyyəti və universitet-sənaye əməkdaşlığının gələcək inkişaf istiqamətlərinə dair mövqeləri də təqdim olunub.

