BMU-nun komandası süni intellekt hakatonunda qaliblər sırasında yer alıb
11 noyabr 2026
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət komanda “TechConnect Week 26” çərçivəsində keçirilən Süni İntellekt Hakatonunda qalib olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Cursor Community ilə birgə təşkil olunan, 25 komandanın iştirak etdiyi hakatonda BMU komandası III yerə layiq görülüb.
Hakatonun əsas məqsədi süni intellekt texnologiyalarının praktiki tətbiq imkanlarını nümayiş etdirmək və insan resurslarının idarə edilməsi (HR) sahəsində innovativ həllərin hazırlanmasını təşviq etmək olub.
İştirakçılar qısa süni intellekt təlimindən sonra komandalar şəklində HR sahəsi üçün işlək prototip hazırlayıblar. Tapşırıqlar CV-lərin təhlili və namizədlərin seçilməsi, ATS sistemlərinə uyğun CV-lərin yaradılması, HR sənədlərinin avtomatlaşdırılması və namizəd bazasının idarə edilməsi istiqamətlərini əhatə edib.
BMU-nu hakatonda Tələbə Elmi Cəmiyyətinin (TEC) sədr müavini, “İnformasiya təhlükəsizliyi" ixtisası üzrə II kurs tələbəsi Hörmüz Qurbanzadə, “İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbələri Cahid Mahmudzadə və Xədicə Əhmədova, eləcə də “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Mehin Məşədiyeva təmsil ediblər.
Əldə olunan bu uğur BMU tələbələrinin komanda şəklində işləmək, süni intellekt alətlərindən səmərəli istifadə etmək və real biznes ehtiyaclarına uyğun texnoloji həllər hazırlamaq bacarıqlarını nümayiş etdirib.
