BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

1 aprel 2026
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Amil Əliqayevin həmmüəllifi olduğu məqalə Scopus bazasında indekslənən Q1 kateqoriyalı “Journal of Electroanalytical Chemistry”-də dərc edilib. 

 

“Coupled experimental and theoretical investigation of an antidiabetic drug as a green corrosion inhibitor for low-carbon steel in acidic media” adlı elmi məqalədə aşağı karbonlu poladın turş mühitdə korroziyadan mühafizəsi məqsədilə istifadə müddəti bitmiş metforminin inhibitor kimi effektivliyi eksperimental və nəzəri üsullarla kompleks şəkildə araşdırılıb.

 

Tədqiqat çərçivəsində çəki itkisi ölçmələri, elektrokimyəvi metodlar, skan edən elektron mikroskopiyası (SEM) və rəqəmsal görüntü analizi (MIPAR proqramı vasitəsilə) tətbiq olunaraq 100-600 ppm konsentrasiya intervalında inhibitor təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, metformin 400 ppm konsentrasiyada optimal effektivlik nümayiş etdirərək müxtəlif metodlar üzrə 84.9-89.4% aralığında inhibisiya dərəcəsinə malikdir. Səth analizi isə bu konsentrasiyada səthin 92.8%-nin korroziyaya uğramadığını təsdiqləyib.

 

Elektrokimyəvi analizlər metforminin qarışıq tip inhibitor kimi həm anod, həm də katod reaksiyalarını zəiflətdiyini göstərib. Kvant-kimyəvi hesablamalar (DFT) isə inhibitorun metal səthi ilə qarşılıqlı təsirinin azot atomlarının elektron cütləri vasitəsilə baş verən kimyəvi adsorbsiya ilə izah olunduğunu ortaya qoyub.

 

Əldə olunan nəticələr istifadə müddəti bitmiş dərman maddələrinin ekoloji cəhətdən təhlükəsiz korroziya inhibitoru kimi istifadəsinin perspektivliyini göstərir və yaşıl kimya ilə dairəvi iqtisadiyyat prinsiplərinə töhfə verir.

 

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


https://www.sciencedirect.com/science/article/abs/pii/S1572665726002894?via%3Dihub

 

BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub | BEU