BMU-İNHA İDP tələbələri “Azərbaycan günü” tədbirində fəal iştirak ediblər
28 may 2026
Koreya Respublikasının İnçeon şəhərində yerləşən Bekhakço İbtidai Məktəbində “Azərbaycan Günü” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İNHA Universitetinin Multikulturalizm fakültəsi, İnçeon Şəhər Təhsil İdarəsi, Bekhakço İbtidai Məktəbi və ölkəmizin Koreyadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin Koreyada daha geniş auditoriyaya tanıdılması, Azərbaycan-Koreya dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də diaspor fəaliyyətinin inkişafına töhfə vermək olub.
Bakı Mühəndislik Universiteti ilə bu ölkənin İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) sonuncu kurs tələbələri (Nilufər Bayramlı, Nilufər Hüseynli, Fatimə Qurbanzadə, Aynur Baxışova, Ərəstun Ələkbərli, Yaqut Məmmədova, Samirə Azadəlizadə, Fatimə Səlimzadə, Gül Avdiyeva, Leyla Allahverdiyeva, Elnarə Şəfiyeva, İlkin Kərimli, Jalə Kərimli, Günay Nuruyev, Riad Əlizadə, Murtuzəli Allahverdiyev ) tədbirdə aktiv iştirak ediblər.
“Azərbaycan Günü”nə qatılan koreyalı şagirdlərə vətənimiz haqqında ətraflı məlumat verilib, ölkəmizin zəngin mədəniyyətini əks etdirən milli musiqi və rəqs nümunələri təqdim olunub. Bununla yanaşı, iştirakçıların fəallığını artırmaq üçün müxtəlif interaktiv, maarifləndirici və əyləncəli proqramlar təşkil edilib.






