BMU ilə Putra Malayziya Universiteti arasında əməkdaşlıq genişlənir

19 dekabr 2025
BMU ilə Putra Malayziya Universiteti arasında əməkdaşlıq genişlənir

Bakı Mühəndislik Universiteti (BMU) və Putra Malayziya Universiteti (UPM) arasında onlayn görüş keçirilib. Görüşdə Malayziyanın nüfuzlu dövlət tədqiqat universiteti ilə BMU-nun mövcud əlaqələrinin genişləndirilməsi, eləcə də mühəndislik və elmi-tədqiqat sahələrində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

 

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül mühəndislik, texnologiya və innovasiya sahələrində güclü potensiala malik UPM ilə əməkdaşlığın davamlı inkişafının universitet üçün mühüm əhəmiyyət daşıdığını bildirib. 

 

Görüşdə UPM-nin Mühəndislik fakültəsinin professorları ilə akademik mübadilə, birgə elmi-tədqiqat fəaliyyətləri, gələcək layihələr və mühəndislik sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki universitet alimlərinin birgə tədqiqat qrupları çərçivəsində əməkdaşlıq etməsi, elmi nəşrlərin hazırlanması və beynəlxalq layihələrdə ortaq iştirak imkanları geniş müzakirə mövzusu olub. 

 

Tərəflər BMU ilə UPM arasında əməkdaşlığın yalnız təhsil və elmi-tədqiqat sahələri ilə məhdudlaşmaması, eyni zamanda innovativ həllərin tətbiqi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası baxımından da mühüm perspektivlər açdığını vurğulayıblar. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcəkdə konkret layihələr və praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində razılıq əldə olunub.

BMU ilə Putra Malayziya Universiteti arasında əməkdaşlıq genişlənir | BEU