BMU-da Zəfər Gününün tarixi əhəmiyyəti və milli birlik ruhu müzakirə olunub

4 noyabr 2026
BMU-da Zəfər Gününün tarixi əhəmiyyəti və milli birlik ruhu müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib.

 

Əvvəlcə Vətən müharibəsinin xronologiyasını, tarixi məqamlarını və qələbəyə aparan yolu əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsizliyi  və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yola əl atmaq məcburiyyətində qalması barədə danışıb. O, 44 günlük Vətən müharibəsində xalqın və ordunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin tarixi Zəfərin əldə olunmasında həlledici rolunu vurğulayıb. Bildirib ki, bu Qələbə Azərbaycan xalqının milli iradəsinin, birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin təntənəsi kimi tariximizə əbədi həkk olunub.

 

Sonra kafedranın dosenti Xaqan Balayev və baş müəllimi Elnur Nəciyev çıxış edərək Vətən müharibəsinin başlanmasını şərtləndirən siyasi və tarixi amillərə, müharibə zamanı ön cəbhədə və arxa cəbhədə baş verən proseslərə toxunublar. Çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasətinin nəticələri, eləcə də müharibə zamanı ölkəmizə qarşı aparılan informasiya mübarizəsi və Azərbaycanın diplomatik müstəvidə qazandığı uğurlar təhlil olunub. Qeyd edilib ki, Azərbaycanın hərbi əməliyyatlarla yanaşı, beynəlxalq informasiya məkanında həqiqətləri çatdırmaq istiqamətində apardığı məqsədyönlü fəaliyyət də Qələbənin mühüm tərkib hissələrindən biri olub.

 

Natiqlər Vətən müharibəsinin nəticəsində uzun illər işğal altında qalan torpaqlarımızın azad edildiyini, vaxtilə işğal tarixləri ilə xatırlanan şəhərlərimizin bu gün azadlıq və dirçəliş rəmzi olan şəhər günlərinin qeyd edildiyi ünvanlara çevrildiyini diqqətə çatdırıblar. Bu tarixi hadisələrin mahiyyətinin, qazanılmış Zəfərin əhəmiyyətinin gənc nəslin yaddaşında möhkəmləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

 

Dəyirmi masada tələbələr də fəal iştirak edərək Vətən müharibəsi və Zəfər tarixi ilə bağlı fikirlərini bölüşüblər. Onların çıxışlarında müharibə dövründə gənclərin nümayiş etdirdiyi vətənpərvərlik, həmrəylik və fədakarlıq, ölkənin müdafiəsinə verilən töhfələr diqqətə çatdırılıb. 

 

Müzakirələrlə davam edən tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

BMU-da Zəfər Gününün tarixi əhəmiyyəti və milli birlik ruhu müzakirə olunub | BEU