BMU-da Zəfər Gününə həsr olunmuş açıq dərslər keçirilib

6 noyabr 2026
BMU-da Zəfər Gününə həsr olunmuş açıq dərslər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı Mühəndislik Universitetində (BMU) silsilə açıq dərslər təşkil olunub.

 

Açıq dərslərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini aşılamaq, milli-mənəvi dəyərlərin təbliğinə töhfə vermək və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına dəstək olmaqdır.

 

Dərslər çərçivəsində BMU-nun Ümumi fənlər kafedrasının müəllimləri çıxış edərək Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, xalqımızın milli birliyi və Zəfərə aparan tarixi yol barədə tələbələrə ətraflı məlumat veriblər. Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə, şəhidlərimizin və qazilərimizin Vətən qarşısında misilsiz xidmətləri xüsusi vurğulanıb.

 

Bununla yanaşı, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, 23 saatdan bir qədər artıq davam edən əməliyyat nəticəsində Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpası istiqamətində mühüm mərhələ tamamlanıb.

 

Açıq dərslərdə, həmçinin Zəfər Gününün müasir Azərbaycan tarixindəki yeri, bu Qələbənin ölkəmizin gələcək inkişafı və beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

 

Tələbələrin fəal iştirakı ilə keçirilən dərslərdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər gənclərin milli tariximizə, dövlətçilik ənənələrimizə və Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

BMU-da Zəfər Gününə həsr olunmuş açıq dərslər keçirilib | BEU