BMU-da süni intellekt sahəsinin mütəxəssisləri ilə görüş keçirilib

11 noyabr 2026
BMU-da süni intellekt sahəsinin mütəxəssisləri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “TechConnect Week 26”   çərçivəsində süni intellekt və müasir texnologiyalara həsr olunmuş görüş keçirilib. 

 

BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsi və Texnoparkının təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi tələbələri süni intellekt sahəsindəki yeniliklər, müasir texnoloji trendlər, həmçinin gələcəyin proqramlaşdırma imkanları ilə tanış etmək olub.

 

Açılış nitqi ilə çıxış edən fakültənin dekanı Vaqif Qasımov müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafının ali təhsil qarşısında yeni tələblər qoyduğunu diqqətə çatdırıb. O, tələbələrin yalnız nəzəri biliklərə yiyələnməsinin deyil, eyni zamanda bu bilikləri praktiki müstəvidə tətbiq etmək, müasir texnoloji yenilikləri mənimsəmək və əmək bazarının dəyişən tələblərinə uyğunlaşmaq bacarıqlarının formalaşdırılmasının vacibliyini vurğulayıb. Dekan qeyd edib ki, informasiya texnologiyaları sahəsində baş verən sürətli dəyişikliklər gələcəyin mütəxəssislərindən davamlı öyrənmə, analitik düşünmə, yaradıcı yanaşma və innovativ həllər hazırlamaq bacarığı tələb edir. Bu baxımdan, tələbələrin sənaye nümayəndələri, aparıcı şirkətlərdə çalışan mütəxəssislər və texnologiya sahəsinin peşəkarları ilə birbaşa ünsiyyəti mühüm əhəmiyyət daşıyır.   

 

Sonra North West şirkətinin baş süni intellekt mühəndisi Natiq Məmişov “ChatGPT-nin arxasında nə baş verir? Generativ süni intellekt sistemlərinin arxitekturasını anlamaq” mövzusunda çıxış edib. O, generativ süni intellekt texnologiyalarının iş prinsipləri və arxitekturası barədə məlumat verərək bu sahədəki aktual yanaşmaları və tətbiq imkanlarını iştirakçılarla bölüşüb.

 

AYNA-nın Məlumat elmləri üzrə komanda rəhbəri Tərlan Cəbiyev isə “AI dövründə proqramlaşdırmanın gələcəyi: AI kod yazırsa, developer nəyi bilməlidir?” mövzusunda fikirlərini çatdırıb. Natiq süni intellektin proqramlaşdırma sahəsinə təsiri, proqramçıların dəyişən texnoloji mühitdə yiyələnməli olduqları bilik və bacarıqlar, eləcə də gələcək karyera imkanlarından ətraflı bəhs edib.   

 

İnteraktiv davam edən tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

 

Sonda tədbirdə fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

BMU-da süni intellekt sahəsinin mütəxəssisləri ilə görüş keçirilib | BEU