BMU-da süni intellekt mövzusunda təlim

1 oktyabr 2026
BMU-da süni intellekt mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün süni intellekt mövzusunda təlim keçirilib.

 

BMU Texnopark və “Coders Azerbaijan” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan təlimin əsas məqsədi tələbələrin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması, innovativ texnologiyalar barədə məlumatlılığının genişləndirilməsi və gələcək peşə fəaliyyətinə hazırlığının gücləndirilməsi olub.

 

Təlimin açılışında süni intellekt texnologiyalarının müasir dövrdə artan əhəmiyyətindən danışılıb. Tələbələrin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də universitet–sənaye əməkdaşlığının onların peşəkar inkişafında mühüm rol oynadığı vurğulanıb.

 

Sonra süni intellekt üzrə təlimçi Cənnət Səmədov və “Coders Azerbaijan” tədris mərkəzinin koordinatoru, data analitikası üzrə mütəxəssis Gültac İsmayılova tələbələrə süni intellekt texnologiyalarının əsasları, tətbiq sahələri və müasir trendlər barədə məlumat veriblər. Təlim zamanı, həmçinin süni intellekt sahəsində formalaşan yeni peşələr, məlumatların təhlili üzrə karyera imkanları, əmək bazarının tələbləri və peşəkar inkişaf istiqamətləri diqqətə çatdırılıb.

 

Tədbir çərçivəsində tələbələr üçün praktiki tapşırıqlar da təşkil olunub. İştirakçılar əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək, o cümlədən süni intellekt alətlərindən istifadə imkanlarını sınamaq fürsəti qazanıblar. 

 

Praktiki tapşırıqların nəticələrinə əsasən, ən yüksək göstəricilər nümayiş etdirən üç tələbə seçilərək mükafatlandırılıb. “Coders Azerbaijan” MMC-nin həmtəsisçisi və idarəedici tərəfdaşı Seymur Həmidov qalib tələbələri təbrik edib, onların süni intellekt və innovativ texnologiyalar sahəsində bilik və bacarıqlarını davamlı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

BMU-da süni intellekt mövzusunda təlim | BEU