BMU-da sahibkarlıq, startap mədəniyyəti və süni intellekt mövzusunda təlim keçirilib

28 sentyabr 2026
BMU-da sahibkarlıq, startap mədəniyyəti və süni intellekt mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Sahibkarlığa giriş” fənninin tədrisi çərçivəsində xarici ekspertin iştirakı ilə təlim keçirilib.

 

BMU Texnoparkı və SABAH.academy-nin əməkdaşlığı əsasında baş tutan təlim tələbələrin sahibkarlıq və innovasiya sahəsində bilik və bacarıqlarının artırılmasına, müasir biznes yanaşmaları ilə tanış olmalarına xidmət edir.

 

Təhsil, liderlik və innovasiya sahələrində müxtəlif beynəlxalq layihələrdə fəaliyyət göstərmiş xarici mütəxəssis Daniel Pearse “Sahibkarlıq, startap mədəniyyəti və süni intellekt” mövzusunda məruzə ilə çıxış edib. Daniel Pearse çıxışında müasir sahibkarlıq mühitində innovativ düşüncənin, texnoloji yeniliklərdən səmərəli istifadənin və süni intellekt imkanlarının əhəmiyyətini vurğulayıb.

 

Məruzədə sahibkarlıq və startap mədəniyyətinin əsas xüsusiyyətləri, innovativ ideyaların biznes təşəbbüslərinə çevrilməsi, süni intellektin sahibkarlıq fəaliyyətində tətbiqi imkanları və yeni texnologiyaların biznes mühitinə təsiri kimi məsələlərə toxunulub.

 

İnteraktiv formatda keçən təlim zamanı tələbələrlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müxtəlif nümunələr əsasında müzakirələr keçirilib.

 

Qeyd edək ki, “Sahibkarlığa giriş” proqramı 2026-cı ilin payız semestri üçün nəzərdə tutulub və proqramda universitetin 120-dən çox tələbəsi iştirak edir. Proqram tələbələrin sahibkarlıq potensialının üzə çıxarılması, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcək biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində BMU-da həyata keçirilən fəaliyyətlərin mühüm tərkib hissəsidir.

BMU-da sahibkarlıq, startap mədəniyyəti və süni intellekt mövzusunda təlim keçirilib | BEU