BMU-da sağlam həyat tərzinin təşviqinə həsr olunan görüş keçirilib
4 noyabr 2026
Bakı Mühəndislik Universitetində (BMU) SAĞLAM AİLƏ Tibb Mərkəzinin əməkdaşlarının iştirakı ilə universitetin müəllim və tələbə heyəti üçün maarifləndirici görüş təşkil olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə sağlamlığın qorunması, xəstəliklərin qarşısının alınması və tibbi maariflənmənin cəmiyyət üçün aktuallığına diqqət çəkib. Bu baxımdan xüsusilə təhsil mühitində sağlam həyat tərzinin təşviqinə və profilaktik müayinələrin əhəmiyyətinin təbliğinə yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb.
Sonra tibb mərkəzinin İnnovasiya və infolab şöbəsinin müdiri Elşad Əhmədzadə və İctimaiyyətlə əlaqələr və layihələrin idarə edilməsi şöbəsinin müdiri Günel Musa Rəhimova çıxış edərək qurumun fəaliyyət istiqamətləri, təqdim etdiyi tibbi xidmətlər və müasir dioqnostika imkanları barədə məlumat veriblər. Təqdimat zamanı sağlamlığın qorunmasında mütəmadi tibbi nəzarətin rolu, xəstəliklərin erkən aşkarlanması, profilaktik müayinələrin əhəmiyyəti və tibbi xidmətlərdən yararlanma imkanları nəzərə çatdırılıb.
Tədbir zamanı SAĞLAM AİLƏ Tibb Mərkəzinin əməkdaşları tərəfindən BMU üçün hazırlanmış “Sağlam Kampus 360°” layihəsi təqdim olunub. Layihə çərçivəsində universitet ictimaiyyətinin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, sağlamlığın qorunmasına dair biliklərinin artırılması və profilaktik müayinələrə təşviq edilməsi nəzərdə tutulur. Təqdimatda universitet ictimaiyyəti üçün təklif olunan müxtəlif sağlamlıq müayinə paketləri, o cümlədən check-up xidmətləri və onların əhatə etdiyi müayinələr barədə məlumat verilib.
Daha sonra “Səssiz risklər” mövzusunda seminar keçirilib. Seminarda bir sıra xəstəliklərin ilkin mərhələdə aşkar simptomlarla müşayiət olunmaması, onların vaxtında müəyyənləşdirilməsində profilaktik müayinələrin və mütəmadi tibbi nəzarətin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin müxtəlif xəstəliklərin risk amilləri, erkən diaqnostika imkanları və sağlamlığın qorunmasında profilaktik yanaşmanın rolu barədə danışılıb.
İnteraktiv davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.





