BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya

16 aprel 2026
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Oracle University platformasının təqdim etdiyi beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya təşkil olunub. 

 

Sessiya StrategEast təşkilatının Azərbaycan üzrə meneceri Günay Hacılı tərəfindən keçirilib.

 

Sessiya çərçivəsində tələbələrə Oracle University-nin “MyLearn” platforması vasitəsilə təqdim olunan rəqəmsal təlim imkanları, eləcə də müxtəlif səviyyələr üzrə-“Foundations”, “Associate” və “Professional” sertifikasiya proqramları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, platforma istifadəçilərə bulud texnologiyaları, süni intellekt, məlumatların idarə olunması və digər aktual sahələr üzrə sertifikasiya imtahanlarında iştirak imkanı yaradır.

 

Tədbirdə iştirakçılara beynəlxalq sertifikat proqramları, o cümlədən bəzi imtahanlara ödənişsiz qoşulmaq, həmçinin “Professional” səviyyəli sertifikasiya imtahanlarında iştirak üçün təqdim olunan voucher (imtahan kuponu) imkanları barədə informasiyalar təqdim edilib. 

 

Bununla yanaşı, tələbələrə platformada qeydiyyat prosesi, uyğun sertifikasiya proqramlarının seçilməsi və beynəlxalq sertifikatların karyera inkişafına təsiri izah olunub.

 

Təşəbbüsün əsas məqsədi tələbələrin beynəlxalq səviyyədə tanınan texnoloji bilik və bacarıqlarla təmin edilməsi, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərməkdir.

BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya | BEU