BMU-da “Müasir maliyyə sistemi: yeni çağırışlar” mövzusunda elmi-metodik seminar

5 may 2026
BMU-da “Müasir maliyyə sistemi: yeni çağırışlar” mövzusunda elmi-metodik seminar

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində tədqiqatçıların və tələbələrin analitik düşünmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin elmi mühitin gücləndirilməsinə xidmət edən növbəti elmi-metodik seminar təşkil olunub. 

 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu istiqamətinə (sənaye, innovasiya və infrastruktur) uyğun olaraq keçirilən seminarda Maliyyə və mühasibat kafedrasının dosenti Ağanemət Ağayev “Müasir maliyyə sistemi: yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. 

 

Qeyd olunub ki, hazırkı dövrdə aparıcı maliyyə tədqiqatlarında qlobal borclanma və onun dayanıqlılığı, maliyyə bazarlarında qiymət balonları (bubble) və risklər, kapital axınları və valyuta dəyişkənliyi, həmçinin geosiyasi amillər, süni intellekt, rəqəmsallaşma, kripto və maliyyə texnologiyaları, eləcə də makro-fiskal siyasətlərin protsiklikliyi əsas prioritet istiqamətlər kimi önə çıxır.

 

Məruzədə Azərbaycan iqtisadiyyatının strateji inkişaf hədəfləri nəzərə alınmaqla, ölkədə makro-fiskal siyasət çərçivəsi və ssenariləri üzrə tədqiqat və təhlil nəticələrinə ətraflı yer ayrılıb. 

 

Vurğulanıb ki, ümumiyyətlə bütün ölkələrdə kontr-tsiklik və dayanıqlı fiskal siyasət iqtisadi tsikllərin mənfi təsirlərini azaltmaqla makroiqtisadi sabitliyi gücləndirir və uzunmüddətli inkişaf üçün əlverişli mühit yaradır. 

 

Çıxış zamanı kontr-tsiklik və dayanıqlı fiskal siyasətin BMT-nin insan inkişafı hədəfləri ilə də sıx bağlı olması, xüsusilə yoxsulluğun azaldılması, keyfiyyətli təhsilin təmin edilməsi, sağlam həyatın təşviqi və bərabər imkanların yaradılması kimi məqsədlərə nail olunmasında mühüm rol oynadığı qeyd edilib. 

 

Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb. 

BMU-da “Müasir maliyyə sistemi: yeni çağırışlar” mövzusunda elmi-metodik seminar | BEU