BMU-da işğaldan azad olunmuş ərazilərin toponimləri müzakirə olunub

25 sentyabr 2026
BMU-da işğaldan azad olunmuş ərazilərin toponimləri müzakirə olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İşğaldan azad edilmiş ərazilərdəki yer adları tariximizin və milli kimliyimizin təsdiqidir” adlı elmi seminar keçirilib. 

 

Əvvəlcə şəhidlərin xatirəsi yad olunub. 

 

Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov 27 Sentyabrı xalqımızın tarixində şanlı qəhrəmanlıq və şərəf səhifəsi adlandırıb. Prorektor Qarabağ Zəfərinin bəxş etdiyi milli qürur hissinin işğaldan azad olunmuş ərazilərimizdəki mədəni irsimizin, o cümlədən qədim yer adlarımızın elmi şəkildə araşdırılması və qorunması üçün böyük zəmin yaratdığını, seminarın bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

 

Tədbirdə çıxış edən kafedranın müdiri Təranə Hacıyeva işğaldan azad olunan ərazilərimizin adlarının mənşəyi, onların müəyyən simvollarla bağlılığı və gənclərin bu coğrafi vahidlərin tarixi köklərini bilməsinin vacibliyini diqqətə çatdırıb. O, torpaqlarımızdakı yer adlarının öyrənilməsinin bu gün xüsusi maraq doğurduğunu qeyd edib. 

 

Seminarda kafedranın dosenti, AMEA-nın professoru Sevinc Əliyeva “İşğaldan azad edilmiş ərazilərdəki yer adlarının etimologiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəçi hər bir insanın, xalqın öz adı ilə tanındığını, qədim türk adqoyma prosesinin xüsusi mərasimlə həyata keçirildiyini qeyd edərək toponimlərin dilçilik, tarix, coğrafiya elmlərinin qovşağında yaranan mühüm yer adları olduğunu bildirib. Professor işğalçı qüvvələrin ərazilərimizdəki yer adlarını dəyişdirmək cəhdlərinin xalqın tarixi yaddaşını silməyə hesablandığını vurğulayıb. 2020-ci ildə Suqovuşanın tarixi adının bərpa olunmasının əhəmiyyətinə toxunan S.Əliyeva yer adlarının Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşuna uyğun düzgün tələffüz və tətbiq edilməsinin vacibliyini önə çəkib.  

 

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.       

 

BMU-da işğaldan azad olunmuş ərazilərin toponimləri müzakirə olunub | BEU