BMU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir
1 iyun 2026
Bakı Mühəndislik Universitetində (BMU) İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman tərəfindən hər il 18 may-18 iyun tarixlərində elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələr arasında insan hüquqları sahəsində maarifləndirmənin gücləndirilməsi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və müasir dövrdə aktual olan hüquq məsələlərinə diqqətin artırılması olub.
Tədbiri giriş sözü ilə açan Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkədə bu sahədə sistemli fəaliyyətin əsasını qoyub. Sonrakı mərhələdə Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyunun İnsan Hüquqları Günü kimi təsis edilməsi insan hüquqlarının qorunmasına dövlət səviyyəsində verilən önəmin göstəricisidir.
H.Mustafayeva bu sahədə maariflənmənin əhəmiyyətini vurğulayaraq bildirib ki, hüquq mədəniyyətinin formalaşdırılması hər bir vətəndaşın öz hüquq və vəzifələrini bilməsindən başlayır. O, ailə dəyərlərinin qorunması, erkən nikahların qarşısının alınması, qızların təhsil imkanlarının genişləndirilməsi, tolerantlıq mühitinin təşviqi, rəqəmsal mühitdə hüquqların müdafiəsi, şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı mübarizə və süni intellekt texnologiyalarının etik istifadəsi və s. kimi məsələlərin günümüz üçün xüsusi aktuallıq daşıdığını diqqətə çatdırıb.
Sonra kafedranın dosentləri Xaqan Balayev və Rabil Mehtiyev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər, bu sahədə fəaliyyət göstərən təsisatların rolu, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində qəbul edilmiş öhdəliklər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
Məruzələr zamanı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, milli qanunvericilik, dövlət proqramları, strategiyalar və milli fəaliyyət planlarının insan hüquqlarının təşviqi, eləcə də müdafiəsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbir çərçivəsində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin insan hüquqlarının təşviqi baxımından əhəmiyyətinə də ayrıca toxunulub. Bildirilib ki, müasir şəhərsalma yanaşmaları təhlükəsiz, sağlam və inklüziv yaşayış mühitinin yaradılmasını, həssas qrupların ehtiyaclarının nəzərə alınmasını, ekoloji dayanıqlılığın təmin edilməsini və ictimai iştirakçılığın gücləndirilməsini zəruri edir. Bu amillər isə insan hüquq və azadlıqlarının effektiv həyata keçirilməsinin əsas şərtlərindən biri kimi çıxış edir.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, insan hüquqlarının müasir dövrdə qarşılaşdığı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.



