BMU-da inklüziv təhsilin prinsip və yanaşmalarına dair təlim keçirilib
6 may 2026
Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçirilib.
Universitetin Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən təşkil olunan təlimin əsas məqsədi inklüziv təhsilin fundamental prinsipləri, müasir yanaşmaları və ali təhsil mühitində tətbiq imkanları barədə məlumatlılığın artırılması, eyni zamanda bu istiqamətin universitetin strateji inkişafına, keyfiyyət təminatı sisteminə və beynəlxalq mövqeyinə verə biləcəyi töhfələrin diqqətə çatdırılması olub.
Təlim zamanı universitetin baş müəllimi, b.ü.f.d. Elşad Yunusov inklüziv təhsilin mahiyyəti, tələbəyönümlü tədris modelləri, bərabər təhsil imkanlarının təmin edilməsi, təhsil mühitində əlçatanlığın genişləndirilməsi və müxtəliflik prinsiplərinin tətbiqi ilə bağlı ətraflı təqdimatla çıxış edib.
Bildirilib ki, inklüzivlik yanaşmaları beynəlxalq reytinq sistemlərində, o cümlədən QS World University Rankings və Times Higher Education tərəfindən sosial məsuliyyət, bərabərlik və müxtəliflik meyarları üzrə qiymətləndirilir və bu göstəricilər universitetlərin qlobal rəqabət qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Vurğulanıb ki, inklüziv təhsilin inkişafı yalnız sosial məsuliyyət baxımından deyil, həm də ali təhsil müəssisələrinin akkreditasiya göstəricilərinin yaxşılaşdırılması və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. İnklüzivlik istiqamətində təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təlim BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü (keyfiyyətli təhsil) və 10-cu (bərabərsizliyin azaldılması) istiqamətlərinə mühüm töhfə verir.


