BMU-da elmi-metodik seminar
2 dekabr 2025
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat fakültəsində “Regionda baş vermiş müharibələrin qalıqları və gələcək perspektivlər” mövzusunda elmi-metodik seminar keçirilib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 1-ci (Yoxsulluğa son) və 2-ci (Aclığa son) istiqamətə uyğun olaraq keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti, həmçinin Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.
Seminarda Dövlət və bələdiyyə idarəetməsi kafedrasının dosenti Natiq Abdullayev mövzuya dair məruzə ilə çıxış edib. Məruzədə ayrı-ayrı regionlarda son iki ildə baş verən hərbi-siyasi proseslər, müharibənin iqtisadi, sosial və humanitar nəticələri ilə bağlı təhlil aparılıb. N.Abdullayev çıxışında müharibədən sonrakı dövrdə regional sabitlik, beynəlxalq təşkilatların rolu, əhalinin sosial rifahı və infrastrukturun yenidən qurulması kimi məsələlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seminar iştirakçıları mövzu ətrafında geniş müzakirələr apararaq, təqdim olunan elmi nəticələrin beynəlxalq münasibətlərin təhlili, münaqişədən sonrakı idarəetmə siyasətlərinin formalaşdırılması və regionun davamlı inkişaf perspektivlərinin öyrənilməsinə mühüm töhfə verəcəyini bildiriblər. Eyni zamanda qeyd olunub ki, belə seminarlar tələbələrin elmi proseslərə inteqrasiyasını sürətləndirir, onların tədqiqat bacarıqlarının inkişafına müsbət təsir göstərir.


