BMU-da 12 Noyabr – Konstitusiya Günü qeyd olunub
12 noyabr 2026
12 Noyabr – Konstitusiya Günü münasibətilə Bakı Mühəndislik Universitetinin (BMU) Dövlət və Bələdiyyə İdarəetməsi kafedrasının təşkilatçılığı ilə “Dövlət idarəçiliyinin ərazi təşkili və yerli idarəetmə orqanlarının konstitusion statusu” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan kafedra müdiri Xanlar Heydərov Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik sistemindəki mühüm rolundan, hüquqi dövlət quruculuğunun əsaslarından və konstitusion prinsiplərin cəmiyyət həyatındakı əhəmiyyətindən danışıb.
Seminarda kafedranın dosenti Qəzənfər Kərimov eyniadlı mövzuda məruzə ilə çıxış edib. Məruzədə dövlət idarəçiliyinin ərazi prinsipi əsasında təşkili, mərkəzi və yerli idarəetmə səviyyələri arasında səlahiyyət bölgüsü, yerli özünüidarəetmənin hüquqi əsasları və bələdiyyələrin konstitusion statusu ətraflı təhlil olunub.
Seminar çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmi seminar Konstitusiya Günü münasibətilə konstitusion dəyərlərin təbliği, dövlət və yerli özünüidarəetmə sahəsində hüquqi biliklərin genişləndirilməsi, eləcə də aktual elmi məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

