Bakı Mühəndislik Universiteti (BMU) öz beynəlxalq əlaqələrini qurmaq və inkişaf etdirmək üçün fasiləsiz olaraq müxtəlif ali təhsil müəssisələri, təhsil şirkət və təşkilatları, həmçinin universitetlərlə əməkdaşlıq edən beynəlxalq təşkilatlarla də işlər aparır. Belə işlərdən biri də son aylar BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlərin təşkilidir. Belə ki, iyunun 12-də BMU-da qonaq olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycan üzrə Proqram Koordinatoru Nigar İsmaylova universitetin rektoru, professor Havar Məmmədovla görüşüb. Görüş zamanı rektor universitetin tarixindən, ixtisaslarından, maddi-texniki bazasından, akademik heyətin və tədqiqatçıların elmi fəaliyyətlərindən ətraflı məlumat verib. Görüşdə iştirak edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov qonaqlara universitetin beynəlxalq əlaqələrindən, əcnəbi tələbələrdən, həmçinin Texnopark və İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib.
Daha sonra BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi vasitəsi ilə idarə olunan bir neçə layihələr haqqında ətraflı məlumatı şöbənin müdiri Arif Nəcimov verib.
JICA-nın Azərbaycan üzrə Proqram Koordinatoru Nigar İsmaylova görüşün təşkilinə və səmimi qonaqpərvərliyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. İlk dəfə BMU-da qonaq olduğunu və çox gözəl kampusun olmasını xüsusi diqqətə çatdıran N.İsmayılova JICA ilə BMU arasında əməkdaşlığın inkişaf etdirilməsi və ortaq fəaliyyət göstərilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda universitetin maddi–texniki bazası, tədris otaqları, kitabxana və laboratoriyalarla yaxından tanış olan qonağa Memarlıq və İnşaat kafedrasının tələbələrinin hazırladıqları maketlər, memarlıq və inşaat layihələrinin eskizləri, dizaynerlərin əl işləri təqdim olunub.