“UniHub Hackathon” onlayn müsabiqəsinin qalibləri açıqlanıb

30 Aprel 2020
“UniHub Hackathon” onlayn müsabiqəsinin qalibləri açıqlanıb

 

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan universitetləri arasında ilk olaraq universitet daxilində onlayn Hackathon müsabiqəsi təşkil edib. BMU Texnoparkı və İnnovasiya Mərkəzi, BMU Tələbə Elmi Cəmiyyəti (TEC), “ENACTUS BEU” və “Yeni Fikir” komandalarının təşkilatçılığı ilə keçirilən “Biz birlikdə güclüyük!” adlı UniHub Hackathon müsabiqəsi uğurla başa çatıb.  

Komandaların sualları BMU Texnopark və İnnovasiya Mərkəzinin feysbuk (https://www.facebook.com/beutechnopark/) səhifəsində cavablandırılıb və müxtəlif müzakirələr aparılıb. Bununla yanaşı, komandalar mentorların dəstəyindən faydalanıblar.

 Komandaların təqdimatları bitdikdən sonra “UniHub Hackathon” müsabiqəsinin qalibləri feysbuk üzərindən canlı olaraq münsiflər tərəfindən elan edilib.

Müsabiqənin nəticələrinə əsasən I yerə BMU-nun Kompüter mühəndisliyi ixtisasının və Pedoqoji fakültənin III kurs tələbələrindən ibarət komandanın üzvlərinin (Kamil Əliyev, Jalə Mirzəyeva, Gülnar Abasova) “EasyCare” layihəsi layiq görülüb. Bu komanda pandemiya zamanı ev şəraitində olan xəstə ilə həkim arasında, həmçinin həkimlər arasında əlaqə yaratmaq üçün virtual platforma hazırlayıblar.

II yerə BMU-nun Kompüter mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Elvin Ağaməmmədzadənin AllinOne layihəsi layiq görülüb. Layihə COVİD-19 dövründə ehtiyacı olan insanlara dəstəklə bağlı sosial platformadır.

III yerə BMU-nun İnformasiya texnologiyası ixtisasının I kurs tələbələrinin (Xəyal Məmmədəliyev, Mirsəid Mirzəzadə, Nicat Məmmədov, Yusif Bayramov) “Cfarm layihəsi layiq görülüb. Layihə pandemiya zamanı qida təminatı ilə bağlı modul sistemin təqdimatı ilə əlaqədar olub.

Qaliblər və digər komandalar təşkilatçılar tərəfindən e-sertifikatlar, həmçinin 3 aylıq inkubasiya dəstəyi təmin ediliblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər