Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi davam edir. Müsabiqənin keçirilməsinin əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması üçün cəmiyyətin sosial inkişafına yönəlmiş ideya və təşəbbüslərin irəli sürülməsi, həyata keçirilməsi və ölkəmizin gələcək inkişafındakı müsbət meylləri gücləndirməkdir.
Müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, həmçinin cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına dair təşəbbüsləri əhatə etməlidir.
Müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər.
“Sosial layihələr” müsabiqəsinə layihələrin qəbulu və qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsi ilə onlayn qaydada aparılır. Müsabiqə barədə riib.az saytından daha ətraflı məlumat əldə etmək mümkündür.