Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün master-klass keçirilib.
“Mühasibat ixtisası”nın 4-cü kurs tələbələri üçün təşkil olunan tədbirdə Maliyyə və mühasibat kafedrasının müdiri professor Damət Bağırov çıxış edərək master-klasların iş həyatına başlamağa hazırlaşan tələbələr üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə dərslər təhsilalanların ixtisasları üzrə peşəkarlığının artırılmasına, istehsalata getməzdən öncə gərəkli iş təcrübəsi qazanmasına xidmət edir.
Sonra kafedranın müəllimi Abdulkərim Sadıqov mühasibatlıq mövzusunda geniş təqdimatla çıxış edib. Çıxışda vacib, mürəkkəb bir sistem olan mühasibatlığın düzgün və effektiv qurulmasından geniş bəhs olunub, habelə hər bir müəssisə və təşkilatın Mühasibat şöbəsinin daxili idarəetmə, maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılması zamanı diqqət yetirməli olduğu vacib məqamlara toxunulub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi