Bakı Mühəndislik Universitetində xüsusi qabiliyyəti, elm, incəsənət və idman sahəsində nailiyyəti olan tələbələr də təhsil alır. Həmin tələbələrin öz sahələri üzrə fəaliyyətlərinin davam etdirmələri üçün universitetdə lazımi şərait yaradılıb və bununla bağlı müvafiq şöbələr də fəaliyyət göstərir. Məhz belə tələbələrdən biri də idmanın üzgüçülük növü ilə məşğul olan Rüfət Cəfərovla müsahibəni sizlərə təqdim edirik:
- Rüfət istərdim ki, oxucularımıza özün haqqında biraz məlumat verəsən!
- Mən, Cəfərov Rüfət 2001-ci il fevralın 8-də Sumqayıt şəhərində hərbiçi ailəsində anadan olmuşam. Atam və anam hər ikisi hərbiçidirlər. Ailəmiz 5 nəfərdən ibarətdir. Hazırda Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayıram. Bakı Mühəndislik Universitetinin Maşın mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsiyəm və universitetin üzgüçülük üzrə yığma komandasının kapitanıyam. Eyni zamanda Abşeron İdman Olimpiya Kompleksində məşqçi köməkçisi işləyirəm.
- Necə oldu ki, səndə üzgüçülüyə maraq oyandı?
- Mən üzgüçülüyə 2012-ci ildə belimdə skalyoz, yəni bel əyriliyi olduğu üçün həkimlərin məsləhəti ilə başladım. İlk məşqlərim sadəcə sağlamlığımı bərpa etmək üçün idi. Sonralar isə üzməyə başladıqca müəllimim potensialımı görüb olimpiya kompleksinin yığma komandasına üzv etdi. Məşq etdikcə və yarışlarda yer tutduqca daha da qabağa getməyi düşündüm. Həftənin 6 günü mən məşqlərdə olurdum. Məşqlərdə həmişə məni keçən uşaqları yarışda qabaqlamağımla başa düşmüşdüm ki, davam etsəm məndə nəsə alınacaq. Üzgüçülüyə həvəsim də burdan başladı.
- İlk dəfə harada üzgüçülyə başladın və ilk müəllimin kim olub?
- Ölkəmizdə idmanın bütün sahələri inkişaf edib. Əvvəllər üzgüçülüyə elə də şərait yox idi. İndi isə şəhər və rayonlarda Olimpiya mərkəzləri fəaliyyət göstərir ki, orada da idmanın digər sahələri ilə yanaşı beynəlxalq standartlara cavab verən üzgüçülük hovuzları var. Mən də ilk dəfə Sumqayıt Olimpiya İdman Kompleksində üzgüçülüyə başlamışam. İlk müəllimim Nurlan Mahmudov olub. 6 ildir ki, onun rəhbərliyi ilə üzgüçülüklə məşğul oluram. Suda özümü daha rahat və gümrah hiss edirəm. Hazırda Abşeron Olimpiya İdman Kompleksində üzgüçülüklə məşğul oluram və müəllimim Nurlan Mahmudovla birlikdə gəncləri yarışlara hazırlaşdırırıq.
- İndiyədək hansı nailiyyətlərin olub?
- Üzgüçülük üzrə bir çox yarışlara çıxmışam. Şəhər birinciliyi, zona birinciliyi və respublika birinciliyi yarışlarında iştirak etmişəm. 1-ci yarışımda III yerə layiq görülmüşəm. Sonralar 1 ədəd şəhər üçünçülük, 3 ədəd şəhər ikincilik, 3 ədəd şəhər birincilik, 1 ədəd zona ikincilik, 2 ədəd respublika üçüncülük, 2 ədəd respublika ikincilik və nəhayət 1 ədəd respublika birinciliyi əldə etmişəm.
- Gələcək hədəflərin haqqında nə deyə bilərsən ?
- Əsas hədəfim yaxşı bir mühəndis olmaqdır. Üzgüçülüyü nə qədər çox sevsəm də iş baxımından mənə daha maraqlı olan mühəndislikdir.
- Gənclərə və uşaqlara hansı tövsiyələrin var?
- Üzgüçülük elə bir idman növüdür ki burada bədənin bütün əzələləri işləyir. Sağlamlıq baxımından üzgüçülük çox vacib idman növüdür. İndi 85% gənc bel əyriliyinə görə üzgüçülüklə məşğul olur. Mənim uşaqlara, gənclərə və onların valideynlərinə tövsiyəm odur ki, övladlarını 6-7-8-9 yaşlarından üzgüçülüklə məşğul olmağa sövq etsin. Gözləməsinlər hansısa bir həkim “sizin uşaqda bel əyriliyi var və buna görə də üzgüçülüyə getməlisiniz” desinlər. Və yaxud cavan oğlanlar yay fəsli yaxınlaşır deyə üzgüçülüyə gedim deməsin. İlin 4 fəsli bu idman növü ilə rahatlıqla məşğul ola bilərlər. Üzgüçülüklə məşğul olanların bədən quruluşları və inkişafları çox sürətli olur. Çünki üzərkən vücudun bütün əzələləri hərəkət edir, möhkəmlənir və bədəni yaxşı formada saxlayır.