Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri Ətrabə Gül “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunan “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimində iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Dövlət İmtahan Mərkəzinin (DİM), Bakı Dövlət Universitetinin (BDU) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qadınların cəmiyyətimizin maddi-mənəvi simasını müəyyənləşdirilməsində başlıca rol oynadığı diqqətə çatdırılıb. Gender bərabərliyinin təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətindən, bu istiqamətdə həyata keçirilən işlərdən ətraflı bəhs olunub.
Tədbir Kurikulum müəlliflərinin təqdimatları ilə davam edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Kurikulum “Konseptual mövqe”, “Kurikulumun məqsədləri, prinsipləri və məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı 3 fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı Tövsiyələr”dən ibarətdir. Vəsait dövlət qulluqçuları, bələdiyyələr, tələbələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalıdır.
İctimaiyyətlə əlaqələr şöbəsi