Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan “Elm həftəsi” çərçivəsində növbəti tədbir universitetin Pedaqoji fakültəsində keçirilib.
Fakültənin dekanı, dosent Elşad Abdullayev fakültədə fəaliyyət göstərən kafedralar və tədris olunan ixtisaslar barədə ümumi məlumat verib.
Elmi-tədqiqat istiqamətində fəaliyyətə toxunan dekan ötən il ərzində fakültə əməkdaşlarının 80 məqaləsinin çap edildiyini nəzərə çatdırıb. Məqalələrin 47-si ölkə daxilində, 33-ü isə xaricdə işıq üzü görüb ki, onun da 5-i impakt faktorlu jurnallarda dərc olunub.
E.Abdullayev il ərzində fakültə əməkdaşlarının “Kosmik hava şəraitinin yerüstü infrastruktura təsiri” və “Riyaziyyatda sərhədlər” adlı beynəlxalq seminarlara təşkilatçılıq etdiyini, həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elm konfransı”nda müəyyən sektorların təşkil edilməsini öhdələrinə götürdüklərini vurğulayıb. Ümumilikdə 12-si xaricdə, 17-si respublikada olmaqla 29 elmi tezis təqdim edilib.
Dekan fakültə əməkdaşları tərəfindən 3 monoqrafiya, 4 dərs vəsaiti, 26 fənn proqramı və metodik vəsaitin hazırlandığını sözlərinə əlavə edib.
BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci ildən dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkəti arasında imzalanan əməkdaşlıq sazişindən sonra respublika ali məktəblərində elmi aktivliyin əhəmiyyətli dərəcədə artdığını bildirib. O, 2020-ci ildə də Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider mövqeyini qoruyub saxladığını diqqətə çatdırıb.
E.Süleymanov BMU-nun elmmetrik göstəriciləri, eyni zamanda fakültə əməkdaşlarının bu göstəricilərdə yer almasından danışıb, impakt faktorlu nəşrlərə qatqısı olan fakültə əməkdaşlarına təşəkkür edib.
Pedaqoji fakültə tələbələrinin də çox fəallıq göstərdiyini söyləyən E.Süleymanov Tələbə Elmi Cəmiyyətinin sədrinin bu fakültənin tələbəsi olduğunu vurğulayıb.
Prorektor məqalələri nüfuzlu elmi nəşrlərdə çap olunan BMU əməkdaşlarının mükafatlandırılması, mükafatların verilməsi qaydaları və prosedurları haqqında iştirakçıları məlumatlandırıb.
Tədbir Web of Science və Scopus bazalarından effektiv istifadə haqqında, eləcə də fərdi tədqiqatçı profilinin açılmasının vacibliyi barədə məlumat verilməsi ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi