“Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinə “Sement sənayesində hava və CO2 emissiyasının azaldılması” mövzusunda master-klass keçib.
Çıxışına təmsil etdiyi qurum haqqında ətraflı məlumat verməklə başlayan Henning Sasse bildirib ki, NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxil olan "Norm" ASC Cənubi Qafqazın ən böyük sement zavodudur. Şirkətin baxış və missiyasından söz açan Baş icraçı direktor “Norm” sement zavodunun istehsal gücü ilə bağlı müvafiq rəqəmlərə toxunub.
ASC-nin qurduğu beynəlxalq əməkdaşlıq, məhsul və avadanlıqları barədə məlumatları nəzərə çatdıran şirkət rəsmisi tələbələri sement istehsalı prosesi, o cümlədən xam məhsulun hazırlanması, sementin tərkibi, məhsulun keçdiyi mexaniki mərhələlər, klinker istehsalı, əzilmə prosesi, axın diaqramı, göndərmə stansiyası və s. prosedurları ilə sxem üzrə detallı tanış edib.
Sement sənayesində hava, ekoloji həllərin vacibliyi üzərində xüsusi dayanan Henning Sasse “Norm” ASC-nin fəaliyyətində CO2 emissiyasının azaldılması üzrə atılan addımları, həmçinin dünyada CO2 emissiyası ilə bağlı vəziyyət və ona qarşı tədbirləri vurğulayıb.
Master-klass zamanı tələbələrin mövzu ilə bağlı Henning Sasseyə ünvanlanan sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, şirkətin rəhbər şəxslərinin, aparıcı mütəxəssislərinin müvafiq sahələrdə tədris prosesinə cəlb edilməsi BMU və “Norm” ASC arasında imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsaslanır. Əməkdaşlıq qarşılıqlı informasiya, bilik və təcrübə mübadiləsi, məsləhətləşmələrin aparılması, tərəflərin fəaliyyəti və icra edəcəyi layihələri ilə əlaqədar məlumat mübadiləsi və s. kimi çoxşaxəli fəaliyyəti ehtiva edir.
İctimaiyyətlə əlaqələr şöbəsi