Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə növbəti görüş təşkil olunub.
Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov belə təmasların mütəmadi keçirildiyini bildirib. Qeyd edib ki, görüşün təşkil olunmasında əsas məqsəd qrup nümayəndələri vasitəsilə tələbələrə müəyyən məlumatların ötürülməsi, eyni zamanda tələbələri narahat edən məsələlərin rəhbərliyə çatdırılmasıdır.
Fakültə dekanı, dosent Mayis Əzizov semestrin artıq yekunlaşmaqda olduğunu və payız semestrinin qış imtahan sessiyasının yaxınlaşdığını söyləyib. İmtahan cədvəllərinin hazırlandığını fikirlərinə əlavə edən dekan Apellyasiya Komissiyasının fəaliyyəti barədə danışıb.
Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov payız semestrində dərslərin hibrid formada təşkil olunduğunu xatırladıb. Görüşün əhəmiyyətinə toxunan dekan müavini imtahan sessiyası barədə geniş məlumat verib. O, üzürlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələrin qeydiyyat prosesi, həmçinin təkrar imtahanların keçirilmə qaydaları ilə görüş iştirakçılarını tanış edib.
Fakültənin tyutoru, i.ü.f.d. Ceyhun Vəliyev “Təhsil Tələbə Krediti” ilə bağlı çıxış edib. O, qeydiyyat prosesi haqda zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb, əvvəlki semestrdə kəsri olan tələbələrin kreditdən yararlana bilməyəcəyini vurğulayıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi