Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə onlayn görüş keçirilib.
Fakültənin dekanı, dosent Mayis Əzizov payız semestrinin artıq yekunlaşdığını və qış imtahan sessiyasının uğurla nəticələndiyini diqqətə çatdırıb. Bildirib ki, həm pandemiya, həm də Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq ümumilikdə dərslər tam keçirilib. Dekan ötən tədris ilinin payız semestri ilə müqayisədə fakültə əlaçılarının sayının 3 dəfə artdığını, müvəffəqiyyət göstəricisinin isə 85 % olduğunu söyləyib. O, tədris prosesinin nizamlı formada təşkilinə və semestri uğurla başa vurduqlarına görə dekan müavinlərinə, kafedra müdirlərinə, müəllimlərə, tyutorlara və laborantlara təşəkkür edib.
M.Əzizov tədrisə onlayn formada davam ediləcəyini və bunun çox məsuliyyətli iş olduğunu bildirib. Dekan, eyni zamanda növbəti semestrə hazırlıqla bağlı müxtəlif məsələlərə toxunub. O, qarşıdan gələn yaz semestrində hamıya uğurlar arzulayıb.
Sonra görüş təlimlərin keçirilməsi ilə davam edib.
İlk təlim Dövlət və bələdiyyə idarəetməsi kafedrasının baş müəllimi Nərgiz Nəhmətova tərəfindən təşkil olunub. “Tədris prosesində etik məsələlər” mövzusunda təlimdə N.Nəhmətova əxlaq nəzəriyyələri haqqında danışıb. O, tədrisdə təklif edilən əsas etik prinsiplərə toxunub, universitetlərin etik qaydalarında daha çox qeyd edilən prinsiplərdən söz açıb.
Növbəti təlim fakültənin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov tərəfindən keçirilib. “Distant tədrisdə dərslərin effektiv təşkili” mövzusunda təlimdə dərs öncəsi, dərs müddətində və dərs sonrası diqqət olunmalı məqamlara toxunulub, təqdimat vasitələrinin istifadəsi və interaktikliv məsələsi barədə məlumat verilib.
Sonda görüş iştirakçıları onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi